Kamran Ağayev: "Biz çox kasıbıq" MÜSAHİBƏ

"Hazır olmayanların burada nə işi var?"

Dünya çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 7-də Bakıda Lüksemburqla qarşılaşacaq Azərbaycan millisinin qapıçısı Kamran Ağayevin apasport.az saytına müsahibə verib.

- Lüksemburqla qarşılaşmanın hazırlığı necə gedir?

- Əvvəlki qaydada, normal. Bərabər səviyyəli komandaların oyunu olacaq. Əsas odur ki, heyətdə zədəli futbolçumuz yoxdur. 3 xal üçün mübarizə aparacağıq. Hətta qələbə qazanmalıyıq deyərdim.

- Elə azarkeşlər də milli komandadan ancaq qələbə gözləyir. Yığma buna hazırdırmı?

- Biz qələbəni hələ Lüksemburqdakı oyunda qazanmalı idik. Təəssüflər olsun ki, imkanlarımızdan yararlana bilmədik. Amma bunu Bakıda reallaşdırmalıyıq.

- Rəqib haqda hansı məlumata sahibsiniz?

- Məlumatımız var. Son dəyişikliklərlə bağlı isə baş məşqçi müəyyən tapşırıqlar verəcək. Biz də həmin tapşırıqlara uyğun oynayacağıq.

- Hücum xəttində ciddi itkilər var. Heyətdəki futbolçular boşluqları doldura biləcəklərmi?

- Əvəzedilməz insan yoxdur. Yığma bir nəfərdən ibarət deyil. Əlbəttə, Rauf Əliyevlə Vüqar Nadirovun komandaya çox xeyri dəyib. Onlar cəzalıdır, baş məşqçi başqalarına güvənəcək. Həmin futbolçulara uyğun oyun sistemi qurulacaq.

- Özünüz necə, oyuna tam hazırsınız?

- Hazırlaşacam. Formada oldun-olmadın mütləq komandaya kömək etməlisən. Əgər oyunun alınmırsa, çatdırmırsansa, gərək rəqibə də oynamağa imkan verməyəsən. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Bu gün yığmaya hazır futbolçular dəvət edilib. Hazır olmayanların burada nə işi var?

-"Bakcell Arena"da yığmanın ilk oyunu olacaq. Tribunaların meydana yaxın olduğunu nəzərə alsaq, azarkeşlərin rəqibi təzyiq altında saxlayacağını gözləmək olarmı?

- Azarkeşləri qınamaq olmaz. Onlar qələbə istəyirlər. Biz isə qələbə qazanmaq baxımından çox kasıbıq. Buna rəğmən 90 dəqiqə komandanı dəstəkləmək lazımdır. Çünki oyun 90 dəqiqə davam edir. Nəticədən asılı olmayaraq, dəstək olsalar daha yaxşıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31