Berti Foqts çətin durumda!

Azərbaycan millisi 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti sınaq öncəsi ciddi problemlərlə üzləşib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Berti Foqts iyunun 7-də Lüksemburqla Bakıda keçiriləcək oyuna çağırdığı 26 futbolçunu bir-bir itirməkdədir.
Türkiyə Superliqasındakı təmsilçilərimizin hər ikisi - "Əskişəhirspor"un müdafiəçisi Ufuk Budakla "Sivassspor"un hücumçusu Cihan Özkara zədə üzündən heyətdən kənarlaşdırılıb. Sol cinah oyunçusu Budak bu səbəbdən heç Qətərlə yoldaşlıq görüşünə yollana bilmədi, Özkara isə ehtiyatda qaldı. Görünür, mövsüm ərzində zədədən əziyyət çəkən hücumçunun yenidən bu problemlə üzləşdiyindən, rəsmi oyunadək heyətdə qalmağı məqsədəuyğun sayılmadı.
Ancaq problem bununla bitsəydi, dərd yarı idi. Millimizin kapitanı Rəşad Sadıqov hələ çempionatın sonunda aldığı zədədən qurtula bilmir. Onun Qətərlə matçda oynamağı planlaşdırılmasa da, meydana çıxandan sonra yenidən ayağında ağrılar hiss edib.
Əgər xətlərə nəzər salsaq, əsas itkilər müdafiə və hücumdadır. Çünki Sadıqovla yanaşı, Ruslan Abışov, Mahir Şükürov və Maksim Medvedevin də zədəsi var. Düzdür, zədə ciddi olmasa da, futbolçuların komandadan ayrıca - fərdi məşq etməyi diqqətdən qaçmır.
Maraqlıdır ki, Ruslanla Mahir vitse-kapitandır və Rəşadı da nəzərə alsaq, sarğını daşıyanların hamısı problemlərini yoluna qoymağa çalışır. Üstəlik, Qətərdə komandanı meydana kapitan kimi çıxaran Abışov "Rubin"in əsas heyətində bu il cəmi 1 matç keçirdiyindən, oyun praktikası sarıdan korluq çəkir. 
Foqts Medvedevi son vaxtlar məcburiyyətdən müdafiənin sol cinahında oynatsa da, əslində, Maksim sağ cinah müdafiəçisidir. Mahirin də bu mövqedə oynadığını nəzərə alsaq, cinah müdafiəçilərinin ikisinin birdən sıradan çıxması narahatçılığa əsas verir. Bu mənada ehtiyat oyunçular arasında olan "Simurq"un sağ cinah müdafiəçisi İlkin Qırtımovun çağırıldığını görsək, təəccüblənməyə dəyməz. 
Eyni sözləri "Bakı"nın mərkəz müdafiəçisi Aqil Nəbiyev haqda demək olar. Bu mövqedə çıxış edən Elhad Nəziri isə gününün Rumıniyanın "Petrolul" klubunun ehtiyat oyunçular skamyasında keçirib. 
Hücuma gəlincə, Rauf Əliyevlə Vüqar Nadirov cəza üzündən Lüksemburqla oyunu buraxacaqlarından, problemlər əvvəldən məlum idi. Üstəlik, millimizdə debütünü son rəsmi oyunlarda gerçəkləşdirən "Sumqayıt"ın hücumçusu Pərdis Fərcad-Azadın da zədəsi var. Belə olan halda, Foqtsun sərəncamında 3 hücumçu qalıb. Onlardan mərkəz hücumçuları Branimir Subaşiçlə Rüfət Dadaşov bu il klublarında qol vura bilməyib və oyun praktikaları azdır. Düzdür, Rüfətin Dohada fərqlənərək millimizi məğlubiyyətdən xilas etməyi ümid verir. Vaqif Cavadov da hücumçu olsa da, daha çox yarımmüdafiənin sol cinahında yer alır. Elə onun üçün də bu il yaxşı keçmədiyindən, hazırda yaxşı formada deyil. 
Göründüyü kimi, millimizin cari seçmə mərhələdə ilk qələbəsini qazanmalı olduğu oyun öncəsi qayğıları yetərincədir. Bununla, mövsümün sonunda futbolçularda yorğunluq olduğu bir vaxtda Foqtsun digər çətinliyi heyəti müəyyənləşdirməklə bağlı olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31