Elnur Allahverdiyev: "Biz kişi kimi oynadıq"

Milli.Az Sportal.az-a istinadən bildirir ki, "Xəzər Lənkəran"ın futbolçusu Elnur Allahverdiyev "Neftçi" ilə final oyunundan sonra jurnalistlərin suallarını cavablandırdı.

- Oyunla bağlı təəssüratlarını bölüşərdin...

- Uduzan tərəf biz olduq, çox məyusam. Ancaq hamı gördü ki, kişi kimi məğlub olduq. Penaltilər seriyası lotoreyadır. Biz bu lotoreyada uduzduq. Mənə elə gəlir, gözəl oyun oldu. Ancaq Azərbaycan futbolunda elə şeylər olur ki, adam danışmaq istəmir (danışa-danışa kövrəlir). Mən içərisində olmaqla, siz jurnalistlər, heç kim icazə verməməlidir ki, oyun içərisində belə şeylər baş versin. Mənim komanda yoldaşım Kamran Abdullazadəni vururlar, nəyə görə?! Udmusuz də oyunu, medalınızı alın, çıxın, gedin də. Nəyə lazımdır bu qoçuluq? Qoçuluqla heç kim qabağa getməyib!

- "Neftçi"ni qələbə münasibəti ilə təbrik edirsən?

- Şanslar 50/50 idi. Biz məğlub olmamalı idik, ancaq təəssüf... Rəqibi təbrik etməliyəm, çünki onlar qələbə qazandılar. Amma yenə də deyirəm, biz bu oyunu udmalı idik. Kişi kimi oynadıq, bütün komanda yoldaşlarımı, rəhbərliyimizi təbrik edirəm. Fəxr edirəm ki, "Xəzər Lənkəran"da oynayıram. Söz verirəm ki, gələn il "Xəzər Lənkəran" gözəl uğurlara imza atacaq (yenə də kövrəlir).

- Oyundan əvvəl demişdin ki, daha aqressiv hərəkətlər etməyəcəksən, ancaq yenə buna yol verdin...

- Siz hamınız gördüz ki, mənim komanda yoldaşımı vururlar, mən necə kənardan baxım?

- Əsəblərinə niyə hakim ola bilmirsən?

- Bilirəm, ancaq xahiş edirəm, məni başa düşün. Mən belə insanam, çıxıram meydançaya futbol oynamağa. Düzdür, səhv hərəkətlərim ola bilər. Ancaq qəbul edə bilmərəm ki, dostumu vururlar. Bundan sonra da imkan vermərəm ki, mənim dostumu vursunlar, mən də kənardan baxım. Bu hərəkətimə görə hər kəsdən üzr istəyirəm. Bu hərəkətləri bilə-bilə etmirəm.

- Hakim idarəçiliyi haqda nə deyə bilərsən?

- Düzdür, səhvləri var idi. Ancaq biz penaltini vura bilmədiksə, hakim ona neyləsin? Ancaq "Xəzər Lənkəran" qələbəyə layiq idi.

- Oyundan sonra mükafatlandırma mərasiminə çıxmaq istəmirdiz?

- Bu söz-söhbətlərə görə çıxmaq istəmirdik.

- Konkret olaraq orada nə baş vermişdi?

- Mənim burada nəsə deməyim düzgün çıxmaz. Ancaq onu deyim ki, haqsızlıq oldu, dostumu vurdular. İstəyirsiz, gedin, mənim haqda qəzetlərdə pis yazın. Ancaq mən öz dostumun haqqını qorudum (ağlayır). Mənim dostumu vurdular, burnunu partlatdılar. Legioner gəlib mənim anamı söyür, mən neyləməliyəm? O gəlib, bizim torpağımızın çörəyini yeyir. Üstəlik, hələ bizi də söyür. Eybi yox, nə deyirəm, bu günün sabahı da var. Sabah Lənkərana gələcəklər də...

- Necə oldu ki, mükafatlandırma mərasiminə çıxası olduz?

- Rəhbərlik dedi, çıxın, medalları götürün, biz də götürdük. Onların sözündən çıxa bilmərik.

- Sadıq Sadıqov səni kənara çəkib nə dedi?

- Sadıq müəllim dedi ki, niyə dalaşırsız? Mən də onları təbrik elədim. Qələbə qazandız, uşağı niyə vurursuz?

- Kamranı niyə vurdular?

- Güclüdürlər də, bax burada, hamının içində deyirəm: Oğlan istəyirəm ki, gəlib məni vursun, kimliyindən asılı olmayaraq hər birinin cavabını verməyə hazıram. Niyə məni vurmurlar? Düzdür də, kim zəifdir, onu vururlar. "Duxunuz" çatır, gəlin, Allahverdiyev Elnuru vurun, ancaq "dux"ları çatmır. Çünki bilirlər ki, onların cavabını verəcəm.

- Məşqçini də vurublar?

- Məşqçinin də üstünə gediblər, nəyə görə, lotudurlar? Qardaş, oyundan sonra medallarımızı alıb, çıxıb gedəcəydik də, düz demirəm? Lazım idi bizə bu?

- Ramin Musayev nə deyirdi bəs?

- Heç nə, sakitləşdirməyə çalışırdı.

- Ramin Musayevin özü arada qalmışdı...

- (bir müddət dayanır) Bu davada "Xəzər Lənkəran"ın günahı yox idi, and olsun Allaha.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31