Syomin "Qəbələ"yə qalmaqallı futbolçu gətirir?
23 May 2013 20:18 İdmanRusiya mətbuatı Yuri Syominin "Qəbələ" klubu ilə anlaşmasından sonra London "Arsenal"ını tərk edən Andrey Arşavinin də karyerasını Azərbaycanda davam etdirə biləcəyini yazıb. "Sovetski sport" nəşri yazıb ki, "Qəbələ"nin sahibləri tanınmış rus futbolçunu komandalarında oynamağa dəvət ediblər. Qeyd edək ki, bundan öncə İngiltərə və Rusiya mətbuatında Arşavinin "Xəzər Lənkəran"a keçəcəyi haqda məlumatlar dolaşsa da, cənub klubunun sahibi Mübariz Mənsimov bunu təkzib etmişdi.
Elə "Qəbələ" klubu da Arşavinlə bağlı xəbərlərin doğru olmadığını bildirir. "Qəbələ"nin baş meneceri Zaur Əzizov Qol.Az-ın müxbiri ilə söhbətində deyib ki, Arşavinlə danışıqlar aparmayıblar və belə bir fikirləri də yoxdur.
Bu arada "Qəbələ" ilə rəsmən anlaşan Yuri Syomin "Sport-ekspress" qəzetinə bildirib ki, 31 yaşlı Andrey Arşavinin əvvəlki formasına qayıtmaq üçün şansı hələ də qalmaqdadır: "Bunun üçün isə yalnız bir resept var: çalışmaq, çalışmaq və yenə də çalışmaq".
Yuri Syomin bildirib ki, Arşavinin bundan sonra hansı klubda oynayacağı onun hazırlıq durumundan çox asılı olacaq.