“Syomin “Qəbələ”də məsələlərin necə həll edildiyini aydınlaşdırır”
8 May 2013 20:41 İdman"Yuri Syomini son 1 ildə "Qəbələ"də 3 baş məşqçinin dəyişməsi qətiyyən narahat etmir". Apasport.az saytının məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi postuna əsas namizəd olan Yuri Syominin agenti Dmitri Selyuk deyib.
Selyuk "Qəbələ" variantı ilə bağlı növbəti açıqlamasında maraqlı məqama toxunub.
Belə ki, o, Qəbələyə işləməyə dəvət edilən Syomini dünyanın ən güclü məşqçilərindən olan portuqaliyalı Joze Mourinyo ilə müqayisə edib: "Bir mövsümdə tez-tez baş məşqçi dəyişikliyi elə "Çelsi"də də baş verir. Ancaq bu, o demək deyil ki, Mourinyo ora getməyə qorxmalıdır. Hazırda hər şeyi dərindən fikirləşən Syomin "Qəbələ"də məsələlərin necə həll edildiyini, klubun transfer siyasətinin necə olduğunu aydınlaşdırır. Məşqçi hər şeyi ölçüb-biçəndən sonra "Qəbələ"nin onun üçün necə maraqlı olduğunu başa düşəcək".
Qeyd edək ki, "Qəbələ" cari mövsümdə türkiyəli Fatih Kavlak, Ramiz Məmmədov və ispaniyalı Luis Araqonun rəhbərliyi altında meydana çıxıb.