İqor Ponomaryov: "Mən Rüştüyə qol vuracağam"

Milli komandamızın sabiq baş məşqçisi müsahibə verib

Azərbaycanlı Olimpiya çempionu, milli komandamızın sabiq baş məşqçisi İqor Ponomaryovun apasport.az saytına müsahibə verib.

- Vətəninizə budəfəki dəvətiniz futbol tədbirlərində iştirakla bağlıdır. Hansı təəssüratlarla gəlmisiniz?
- Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar tədbirlərə qatılmaq mənim üçün böyük şərəfdir. Böyük məmnuniyyətlə veteranların oyununda iştirak edəcəyəm. Hesab edirəm ki, insanlar üçün futbol bayramı olacaq. Azərbaycan üçün çox işlər görmüş belə bir insanın ad günü ilə bağlı təşkil olunan tədbirlərdə iştirak etmək çox xoşdur.

- Veteranların oyununa qədər isə "Bakı"nın dəvəti ilə ölkəmizə gələn "Atletiko" ilə bir tədbirdəsiniz...
- Bəli, biz burada bir sıra futbol ulduzları ilə görüşmək imkanı qazandıq. Onlar gənc futbolçulardır, öz ölkələrinin, dünyanın ulduzlarıdır. Əlbəttə, belə bir oyunçuların Azərbaycan torpağında olmağı bizim üçün xoşdur. Bu matç da Heydər Əliyevin şərəfinə təşkil olunub və "Atletiko"nun da məhz bu vaxt ölkəmizdə olmağı çox xoşdur. Azərbaycan, "Bakı"ya görə sevindiricidir ki, ölkəmizdə futbolun populyarlaşdırılmağı, düzgün istiqamətdə inkişafı üçün belə tədbirlər görülür.

- Arda Turanla görüşdüyünüz zamanı Olimpiya çempionu kimi təqdim olundunuz. Maraqlıdır, türkiyəli futbolçu sizi tanıyırdı?
- Mən düşünmürəm ki, Arda mənim haqda bilirdi. Çünki biz tam fərqli nəslin nümayəndələriyik. Onlar gənclərdir. Gənclər isə adətən keçmişdən daha çox indiki futbolla, birbaşa öz ölkələri, öz ulduzları ilə maraqlanırlar. Onlar öz qəhrəmanlarını tanıyırlar. Buna görə azərbaycanlı futbolçulardan hamısını tanıdıqlarını fikirləşmirəm.

- "Bakı" - "Atletiko" oyunundan nə gözləyirsiniz?
- Futbol bayramı. "Bakı"nın prezidenti Hafiz Məmmədov, Azərbaycan gənclər və idman naziri Azad Rəhimov bu oyunun, bu layihənin həyata keçirilməyində böyük işlər görüb. Futbol bayramı insanların bayramıdır.

- Sizcə, Madrid təmsilçisinə qarşı "Bakı"nın, yoxsa Azərbaycan yığmasının oynamağı daha düzgün olardı?
- Mən düşünürəm ki, "Bakı"nın oynamağı daha yaxşıdır. Hər halda, bu, birbaşa klublar arasında oyundur. Ona görə də "Bakı"nın meydana çıxmağı məntiqə uyğundur.

- Bəs veteranların oyununda da bir şou olacaq?
- Mən buna da futbol bayramı kimi baxıram. Ancaq təbii ki, "Bakı" - "Atletiko" oyunundakı kimi sürətlər olmayacaq. Bizim oyunda az sürət olacaq. Bakıya gələn futbol ulduzları bayrama əlavə rəng qatacaq.

- Azərbaycanlı futbol veteranları Hakan Şükür, Rüştü Rəcbər, Arveladze qardaşları, Berti Foqtsun və digər ulduzların olduğu komandaya qalib gəlmək gücündədir?
- Burda söhbət ondan getmir ki, biz qalib gəlməliyik. Bizim nəsil - mən, İsgəndər Cavadov, Maşallah Əhmədov, Hakan, Rüştü, Arveladzelərdən daha yaşlıdır. Buna görə onların qarşısını bizdən gənc nəsil - Vəli Qasımov, Arif Əsədov və başqaları almalıdır. Mən çox maraqlı oyunun alınacağına inanıram.

- Hansı formadasınız? Qol vura biləcəksiniz?
- Mən? Bilirsiniz, mən özüm tora girməsəm (gülür). Bu, bir zarafatdır. Açığı, özümün meydana çıxıb-çıxmayacağımı bilmirəm. Çünki mən xəstələnmişdim, 1 həftə 38-39 dərəcə hərarətim vardı. Mən sağalıb, özümü bu tədbirlərə çatdıra bildim. Ayağım normaldır.

- Sizi penaltilərin mahir ifaçısı kimi tanıyırıq. Penalti olsa, Rüştüyə qol vuracağınıza söz verirsiniz?
- (gülür) Mən də düşünürəm ki, zərbəm yan keçməz.

- 1988-ci ildə Seul Olimpiadasının finalında Braziliya yığmasında sizin də heyətində olduğunuz SSRİ-yə qarşı oynamış Edmar da Bakıya gələcək. Maraqlıdır, bunu bilirdiniz?
- Yox. Bu, yalnız gözəl haldır. Belə insanları Azərbaycana gətirənlərə minnətdarlıq edirəm. Allah eləsin ki, hazırda futbolumuzda baş verən bu gözəl olaylar həmişə olsun.

- Öz məşqçilik karyeranızda bir yenilik varmı?
- Xeyr, sakitçilikdir. Oğlum Anatolinin da işləri yavaş-yavaş gedir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31