Azərbaycan millisi beş medalla geri döndü

Kipr Respublikasının Limassov şəhərində "Yeniyetmələr və Gənclər arasında Avropa birinciliyi" ilə əlaqədar təşkil olunan sambo üzrə yarışmada 16 idmançı ilə təmsil olunduq. Bunlardan doqquzu yeniyetmə, yeddisi isə gənc idmançı olub. Yarışmada iki yaş qrupu üzrə 300-ə yaxın iştirakçı ilə 25 dövlət təmsil olunurdu. Yeniyetmələr arasında 65 kiloqram üzrə Mehdiyev Musa birinci yerə, 52 kiloqram üzrə Ağazadə Fuad isə ikinci yerə layiq görülüb. Gənclər arasında 48 kiloqramda Xankişiyev Ülvi üçüncü, 62 kiloqramda Mikayılov Fərid ikinci, Şükürov Pərviz isə 68 kiloqramda üçüncü yerə layiq görülüb. Komanda olaraq yarışa xüsusilə hazırlaşmışdıq. Bunun üçün iki ay ərzində daha çox təlim-məşqlər keçirtdik. Ümumi göstərilən nəticələr Federasiya tərəfindən də qənaətbəxş qiymətləndirilib. Milli komandanın baş məşqçisi olaraq onlarla birinci görüşdən finaladək həyəcan yaşadıq". Bu sözləri "Olaylar"a Sambo üzrə Azərbaycan millisinin baş məşqçisi Yaqub Abdullayev deyib. Yarış aprelin 11-dən 15-dək keçirilib.

65 kiloqram üzrə birinci yerin qalibi  Musa Mehdiyevin məşqçisi İmanverdi Məmmədov isə bildirib ki, yarışmada ermənilər də iştirak etdiyindən bizim yığmamızın qalib gəlməsi, Azərbaycan bayrağının qaldırılması və himnimizin səslənməsi komandaya böyük qürur gətirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31