Azərbaycan alpinizmi: böyük uğurların səbəbləri və səbəbkarları
12 Aprel 2013 18:21 İdmanMart ayı bayramlar ayıdır. Bu il isə bu bayramlar sırasına daha biri əlavə olundu: Azərbaycanın alpinizm üzrə yığma komandası beynəlxalq yarışda ikinci yerə sahib olaraq gümüş medal qazandı. Bu hadisə, Azərbaycan alpinizminin tarixi üçün olduqca əlamətdar hadisədir. İndiyə qədər ayrı-ayrı dağçılarımız böyük fərdi uğurlar qazansalar da komanda hesabında gümüş medal nəticəsini əldə etmək bir o qədər də asan məsələ deyildi.
Və budur: Rusiyada buzadırmanma üzrə 2013-cü il Dünya Çempionatı...
2013-cü ilin mart ayının 8-dən 10-dək mövsümün final yarışlarında dünyanın ən güclü buzadırmananları iştirak edirlər...
2013-cü il final mövsümünün yarışlarında iştirak etmək üçün Rusiyanın Kirov vilayətinə 18 ölkədən 79 atlet gəlir...
İdmançılarımızın fərdi olaraq medal qazana bilməməsinə baxmayaraq, yığmamız Dünya Çempionatı 2013-də sürət yarışlarında ümum komanda hesabında ikinci yeri tutur!
Azərbaycan Alpinizm Federasiyası (AAF) yığmasının üzvləri - Qalib Şıxrəhimov, Leyla Əliyeva, Elvira Maqomedrəsulova və FAIREX yığmasının üzvü Ramay Rəhimxanov ixtisas və yarımfinal yarışlarında öz çıxışlarıyla gümüş medalı qazana bilirlər...
Bu uğur münasibətilə idmançılarımızı və xalqımızı ürəkdən təbrik edirik.
Lakin bəzən təbrik etməklə kifayətlənirik, bu nailiyyətlərin necə qazanılmasının fərqində olmuruq. Əlbəttə, hər bir böyük uğurun arxasında gərgin zəhmət, böyük əziyyət, daha nələr, nələr dayanır.
İstənilən bir sahədə nailiyytə əldə etmək üçün həmin sahənin inkişafına xüsusi diqqət ayırmq, təkan vermək vacibdir.
İdman da belədir.
Son illər Azərbaycan idmançılarının yaxşı soraqları dünyanın hər yerindən eşidilməkdədir. Sual yaranır; bütün bunlar təsadüf ola bilərmi? Cavab: əlbəttə, yox.
Azərbaycan idmanının inkişaf tarixi də - böyük işlərdə hər kəsi qabaqlayan şəxsiyyət, uzaqgörən siyasətçi, görkəmli dövlət xadimi, müasir Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
H.Əliyev ölkəmizin iqtisadi, sosial, siyasi, mədəni və digər sahələri ilə yanaşı, Azərbaycan idmanının inkişafına da hər zaman diqqətvə qayğı ilə yanaşıb. Məhz ümummilli liderin tarixi anda ikinci dəfə müstəqil Azərbaycana rəhbər seçildikdən sonra (1993-cü il) bütün sahələrdə olduğu kimi, idmanın inkişafına da fərqli baxış formalaşmağa başlayıb.
Azərbaycanda idmanın başqa növləri kimi alpinizm idman növünə diqqətin artırılması da məhz H.Əliyevin adı ilə bağlıdır.
Burada tarixə qisa ekskursiya etmək yerinə düşər.
1996-cı ildə Böyük Britaniya təşkilatlarından birinin təşəbbüsü ilə reallaşan "Konfliktsiz Qafqaz" layihəsinin tərkibində nəzərdə tutulmuş "Sülh Qafqaz" layihəsinin 3 Qafqaz ölkəsində - Gürcüstanda, Azərbaycanda və Ermənistanda həyata keçirilməsi planlaşdırılıb. Lakin "Sülh Qafqaz" layihəsi yalnız Gürcüstanda (1996-cı ildə) və Azərbaycanda (1997-ci ildə) həyata keçirilib, 1998-ci ildə isə Ermənistanda davam etdirilməsi gözlənilsə də, müəyyən səbəblərdən baş tutmayıb. O zaman qərara gəlinib ki, layihənin davamı kimi "Sülh Qafqaz" komandası Everestə yürüş təşkil etsin. Sözügedən yürüş 1999-cu ildə uğurla həyata keçirilib. Sözügedən layihənin reallaşması da birbaşa olaraq ümummilli lider Heydər Əliyevin dəstəyi ilə mümkün olub.
Heydər Əliyev və Azərbaycan alpinizminin bağlılığına aid daha bir tarixi hadisə, təxminən 15 il bundan qabaq baş verib.
Belə ki, 1998-ci ildə tanınmış Azərbaycan dağçısı Səridan Musaqulovun rəhbərliyi altında ölkənin bir qrup alpinisti Qafqaz Başdağ silsiləsinin Qızılqaya massivinin adzız zirvələrindən birinə qalxmış və həmin zirvəni ()Heydər Əliyevin şərəfinə adlandırmışlar. Ekspedisiya iştirakçıları heykəltaraş Münəvvər Rzayevanın hazırladığı Heydər Əliyevin barelyefi olan bürünc lövhəni zirvəyə qaldırmış və quraşdırmışlar.
Lakin təəssüflə vurğulanmalıdır ki, bu tarixi əhəmiyyətli hadisə KİV-də kifayət qədər işıqlandırılmamaqla yanaşı, bəziləri hətta Heydər Əliyev zirvəsinin tarixini öz adları ilə bağlamaq cəhdi kimi görüntü yaratmağa da çalışmışdılar...
Tyan-Şan dağlarında Azərbaycan zirvəsi və Heydər Əliyevin büstünün olması, bəlkə də çoxlarına məlum deyil. Ancaq bu da tarixi həqiqətdir və Azərbaycanın adının dünyada təbliğatına bir nümunədir.
Azərbaycan alpinistləri Səridan Mursaqulovun təşəbbüsü və rəhbərliyi ilə həmçinin 2003-cü ildə Tyan-Şan dağlarının adsız yüksəkliklərindən birinə qalxmış, həmin zirvəyə "Azərbaycan" adı vermişlər. 2004-cü ildə isə alpinistlərimiz Heydər Əliyevin büstünü "Azərbaycan" zirvəsinə qaldırmışlar.
Azərbaycan alpinistləri unudulmaz liderin xatirəsini hər zaman uca tutur, Azərbaycanda alpinizm idman növünün təşəkkül tapmasında onun misilsiz xidmətlərini heç zaman unutmurlar.
Azərbaycan idmanının inkişafının ikinci mərhələsi, Ulu Öndərin layiqli davamçısı, cənab Prezident İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinə (MOK) rəhbər seçilməsindən sonrakı dövrə təsadüf edir.
Cənab İlham Əliyevin Azərbaycan idmanının inkişafı üçün gördüyü işlər və atdığı addımlar saymaqla qurtaran deyil. Onun MOK prezidenti olduqdan sonra Azərbaycan idmançılarının beynəlxalq yarışlarda, Olimpiya oyunlarında böyük nailiyyətlər əldə etmələri, bütün bunların cənab Prezidentin birbaşa nəzarətində olması deyilənlərə əyani sübutdur.
Təkcə bunu qeyd etmək kifayətdir ki, Prezident İlham Əliyevin hakimiyyəti dönəmində Respublikamızın demək olar ki, hər bölgəsində Olimpiya-İdman kompleksləri tikilib, gənclərin ixtiyarına verilmişdir və bu işlər davam etdirilməkdədir.
Cənab Prezident İlham Əliyev, idmanın başqa sahələri ilə yanaşı, alpinizm idman növünün inkişafına da hər zaman diqqətlə yanaşmışdır. Dünyanın ən hündür zirvəsi - "Everest"i fəth etmiş yeganə azərbaycanlı alpinist İsrafil Aşurlının "Tərəqqi" medalı ilə təltif edilməsi də məhz cənab Prezidentin adı ilə bağlıdır.
Qeyd edək ki, AAF-ın prezidenti İsrafil Aşurlı Everesti fəth edən ilk və yeganə azərbaycanlıdır.Həmçinin o, dünyanın 7 ən hündür zirvəsini fəth edib. İsrafil Aşurlı, Azərbaycana "Снежный барс" titulunu qazandırıb.
Azərbaycan alpinizminə dəstək verən xeyirxah və vətənpərvər şəxslər sırasında Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlıları Gənclər Təşkilatının (AMOR) rəhbəri Leyla xanım Əliyevanın adını da mütləq vurğulamalıyıq. Məhz onun rəhbərlik etdiyi qurumun dəstəyi ilə Azərbaycan alpinistləri dəfələrlə beynəlxalq ekspedisiyaları reallaşdırmağa müvəffəq olmuşlar.
Alpinistlərimizin böyük uğurları haqda kiçik bir statistikaya nəzər salaq:
- Gənc alpinistlər komandamız son 3 il ərzində Mərkəzi Asiyanın ən hündür zirvələrini uğurla fəth edirlər. İdmançılarımız 2012-ci ildə alpinizmin yüksəkliyə dırmanma növü üzrə dünyada 4-cü və 5-ci yerlərə layiq görülüblər.
- Alpinistimiz Rüfət Qocayev olimpiya çempionlarımızla yanaşı, 2012-ci ilin ən yaxşı idmançıları siyahısına daxil edilib. O, Azərbaycan idmanı tarixində ilk dəfə olaraq, 1 ay ərzində 7 min metr hündürlüyü olan 3 zirvəni fəth edə bilib.
- Bu ilin yanvarında İsveçrənin Saas Qrund şəhərində AAF-ın gənclərdən ibarət buzadırmanma komandası dünyada keçirilən ilk buzadırmanma çempionatında 4-cü yeri tutublar.
- Milli Olimpiya Komitəsi Federasiyamızı 2012-ci ilin yekunlarına əsasən alpinizm sahəsində "İlin ən yaxşı federasiyası" status ilə mükafatlandırıb...
Alpinizm idman növünün bir sıra idman növlərindən fərqi, onun patriotizmi özündə əks etdirməsidir. Daim zirvədə olmaq, məxsus olduğun dövlətin bayrağını bütün bayraqlardan yüksəyə qaldırmaq, həqiqətən də ən böyük vətənpərvərlikdir.
Lakin bunu vurğulamağı vacib bilirik ki, alpinizm idman növü təkcə vətənpərvərliklə də məhdudlaşmır. Bildiyimiz kimi, müharibə şəraitində olan bir ölkənin güclü kəşfiyyata malik olması çox vacib amildir. İgidlik, cəsurluq və digər bu kimi keyfiyyətlər tələb edən və aşılayan bu idman növü dağ-qaya massivlərində strateji nöqtələrə sahib olmaq kimi üstünlüklər verə bilər.
Ən azı, bu baxımdan, alpinizm idman növünün Azərbaycanda daha da inkişaf etdirilməsinə, bir növ kütləviləşdirilməsinə böyük ehtiyac var.
Eyni zamanda sülh şəraitində də alpinizm hər zaman aktual idman növü olaraq qalır. Turizm sahəsində dağçıların fəaliyyəti və xidmətini xatırlatmağa zənnimizcə, bir o qədər ehtiyac qalmır.
Biz, peşəkar alpinistlərin bir araya gəldiyi qurum - AAF olaraq, Azərbaycanın alpinizm tarixinin yazılmasında iştirak etməyimizlə qürur duyur, bizdən sonra gələn nəsillərə estafeti şərəflə təhvil verəcəyimizə heç bir şübhə etmirik.
(Dəyərli həmkarlar, yazını təmsil olunduğunuz media qurumunda yayımlamağı xahiş edirik.