Qurban Qurbanov: "Psixoloji vəziyyət heç də ürəkaçan deyil"

Milli.Az "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun azerisport.az saytına müsahibəsini təqdim edir.

- Komandanız yığmamızın oyunları ilə əlaqədar yaranmış fasilə dövrünü necə keçirdi?

- Düşərgədəki futbolçulara istirahət verdik. Daha sonra "Turan"ın əvəzedici komandası ilə yoldaşlıq oyunu keçirdik. Bütövlükdə, normal hazırlaşdıq. Təbii ki, tam hazırlıqdan danışmaq olmaz. Çünki bir sıra futbolçularımız yığma komandalara yollanmışdı. Yalnız son iki gündə tam heyətlə hazırlaşa bilirik.

- "Qarabağ"ın beş futbolçusu Portuqaliyaya qarşı forma geydi. Onların hamısı düşərgəyə zədəsiz qayıda bilib?

- Yalnız Maksim Medvedevin kiçik zədəsinin olmasını nəzərə almasaq, bütövlükdə hər şey normaldı. Yorğunluq hiss olunur ki, bu da normaldı. Buna artıq alışmışıq. Oyuna qədər onların bərpa dövrünü keçəcəyinə inanırıq. "Qəbələ" ilə oyunda Vüqar Nadirov iştirak edə bilməyəcək. O, sarı vərəqə limitini aşdığına görə, cəzalı duruma düşüb.

- Məhz bu yorğunluqla əlaqədar heyətdə dəyişikliyə əl atmaq fikriniz var?

- Çalışacağıq elə qərarlar qəbul edək ki, bundan komandaya ziyan gəlməsin. Məsələn, Ansi Aqolli ötən gün qayıdıb. Ona görə də düzgün seçim etməyə borcluyuq.

- Yığmamızın uğursuz nəticələri futbolçulara da təsirsiz ötüşmür. Bu, komandanızdakı atmosferə nə dərəcədə təsir göstərir?

- Əlbəttə, psixoloji vəziyyət heç də ürəkaçan deyil. Xüsusilə Lüksemburqla heç-heçədən sonra. Amma onlar peşəkar futbolçulardılar və toparlanmağa borcludular.

- Son dövrlər "Qəbələ" "Qarabağ" üçün ən çətin rəqiblərdən birinə çevrilib...

- Bu komanda bizim üçün, həqiqətən də, sıradan bir rəqib deyil. Fərdi cəhətdən güclü futbolçulara malikdi. Bu, bizi daha ehtiyatlı mübarizə aparmağa məcbur edir. Rəqibimiz kubokda mübarizəni dayandırıb, çempionatda da işləri yaxşı getmir. Bütün bunlar komandanın irəli gedəcəyindən xəbər verir. Buna görə də bizim üçün çətin oyun olacağını düşünürəm.

- Heç "Qarabağ"ın da turnir vəziyyəti bir o qədər ürəkaçan deyil...

- Altılıq oyunları hələ təzə başlayıb. Qarşıda doqquz oyun var. Bu oyunların hər birindən qalib ayrılmaq lazımdı. Bir oyunda xal itkisi çox şeyi dəyişir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31