Droqba: "Ən böyük gücü Joze Mourinyodan almışam"

"Qalatasaray"ın Kot-d`İvuardan olan futbolçusu Didye Droqba UEFA-nın Çempionlar Liqasının 1/4 finalı üçün çıxardığı dərgiyə müsahibə verib. Qol.Az həmin müsahibənin tərcüməsini təqdim edir.

- Çempionlar Liqasına qayıdışın haqda nə deyə bilərsən?

- Düzü, ÇL-də yenidən oynacayağımı heç düşünmürdüm. "Marsel" və "Çelsi" forması ilə doqquz dəfə bu turnirə qatılmışam. Keçən mövsüm kuboku qazanmaq isə karyeramın pik nöqtəsi idi.

- İstanbuldakı yeni həyatına uyğunlaşa bilmisən?

- Burada hər şey gözəldir. Çox kosmopolit bir şəhərdəyəm. Ailəmin də yaşaya biləcəyi yerdir. Bir sözlə, çox yaxşı seçim etmişəm.

- Niyə məhz "Qalatasaray"da oynamaq istədin?

- "Qalatasaray" Avropada tanınmış klublardan biridir. Unutmayaq ki, UEFA kubokunu qazanıb. Buna görə də bu addımı atdım.

- Sənin və Sneyder kimi futbolçusunun olduğu "Qalatasaray" Çempionlar Liqasının 1/4 finalında oynayacaq. "Real"la oyunlardan nə gözləyirsiniz?

- Bizim gəlişimiz klubda bir coşqu yaratdı. Düzdür, Sneyder altı aydır futbol oynamayıb, fiziki cəhətdən çətinliklər çəkir. Mən isə bir neçə ay oynamadıqdan sonra bura gəlmişəm. Ona görə bütün gücümlə oynadığımı söyləməyim doğru olmaz. Ancaq klubum üçün ən yaxşısını etməyə çalışacağam.

- "Qalatasaray"ın ÇL-i qazana biləcəyinə inanırsan?

- Biz addım-addım irəliləyirik. Əgər bir necə pillə də irəli getsək, bunu bacara bilərik.

- Karyeranda ən çox kimin rolu olub?

- Bütün baş məşqçiləri deyə bilərəm. Amma mən həm futbolçu, həm də insan olaraq ən böyük gücü Joze Mourinyodan almışam.

- Bir hücumçu kimi bu qədər qol vurmağa necə öyrəşə bildin?

- Buna öyrəşə bilməzsən. Çünki bir neçə matç qol vurmaya da bilərsən. Ancaq hər dəfə bunun üçün çalışmalısan, istədiyini əldə etdikdə isə bundan zövq almalısan. Mən belə edirəm.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31