Antonio Banderas UEFA-nı tənqid etdi

Aktyor "Malaqa"nın Avrokuboklardan kənarlaşdırılmasına etiraz edir

"Malaqa" klubunun ən məşhur azarkeşi, Hollivud ulduzu Antonio Banderas UEFA-nın qərarını tənqid edib. O, "Malaqa" klubunun kredit borcunu gecikdirdiyinə görə Avrokuboklarda iştirakdan kənarlaşdırılmasını ədalətsiz addım adlandırıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, aktyor ümidlərini İdman Arbitraj Məhkəməsinə (İAM) bağladıqlarını bildirib: "Biz İAM-ın qərarını gözləyirik. Ümid edirik ki, haqq-ədalət öz yerini tapacaq. Məhkəmənin qərarı həddindən artıq kəskindir və İspaniya Liqasına mənfi təsir göstərə bilər. Əgər bu təsdiq olunsa, komanda öz motivasiyasını itirə bilər. Hesab edirəm ki, belə qərarlar mövsümün sonunda verilə bilər, çünki onda klubun borcu ödəmək üçün daha çox vaxtı olur".

Xatırladaq ki, "Malaqa" bu mövsümdə gözlənilməz şəkildə Çempionlar Liqasının 1/4 finalına çıxıb. Lakin klubun maliyyə vəziyyəti artıq bir neçə mövsüm dalbadal qeyri-stabil olaraq qalır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31