Mourinyo: "Əgər udsaq, yüz metrlik meydança boyu qaçmağa başlayacağam"

Madridin "Real" klubunun baş məşqçisi Joze Mourinyo martın 5-də İngiltərədə "Mançester Yuneyted"ə qarşı baş tutacaq Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu ilə əlaqədar mətbuat konfransı təşkil edib. Publika.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, o, vacib görüş ərəfəsində hər iki komandanın yaxşı əhval-ruhiyyədə olduğunu bildirib: "Son oyunlarda qələbə qazanmışıq. Amma heç kim bilmir ki, sabah (bu gün - red.) kim qalib gələcək. Rəqibimiz artıq mart ayında İngiltərə çempionluğunu qazanıb. Amma biz də güclüyük. Məhz bu səbəbdən sabah nə olacağını kimsə təxmin etmir. Bizim oyun zamanı dünya donacaq. Həqiqətən də bu oyun final statusu daşımağa layiqdir".
Joze Mourinyo qeyd edib ki, bu günə qədər avrokuboklarda yüzdən artıq oyun keçirib: "Ona görə də əgər hətta uduzsaq belə, ağlamayacağam. Amma əgər udsaq, 2004-cü ildə olduğu kimi, bütün yüz metrlik meydança boyu qaçmağa başlayacağam".
Portuqaliyalı mütəxəssis bu günə qədər "MY"nin baş məşqçisi Fergüssona qarşı çox oyun keçirdiyini söyləyib: "Həm qələbə, həm heç-heçə, həm də məğlubiyyət olub. Amma mən statistikaya çox önəm vermirəm. "Mançester Yuneyted"lə növbəti oyunda hər şey meydanda həll olunacaq".
Portuqal məşqçi Aleks Fergüssonla münasibətlərinin yaxşı olduğunu, şotlandiyalı mütəxəssisə böyük hörmət etdiyini bildirib: "Soruşursunuz ki, "Mançester Yunayted"dən nə gözləyirəm? Hesab edirəm ki, top bizdə olanda onlar çox diqqətlə müdafiə futbolu oynayacaq, topa yiyələndikdən sonra isə çox təhlükəli olacaqlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31