"Real" Kriştianu Ronaldunu satmaq istəyir
20 Fevral 2013 19:56 İdmanİspaniyanın "Real" (Madrid) klubunun rəhbərliyi komandanın portuqaliyalı forvardı Kriştianu Ronaldunu bu yayda satmaq niyyətindədir. Milli.Az Football Espana-ya istinadən bildirir ki, bu barədə El Pais yazıb. "Qalaktikos"un prezidenti Florentino Peres portuqal ulduza illik maaşını 15 milyon avroya qədər artırmağı təklif edib. Lakin Kriştianu Ronaldu bu məbləği yetərli saymayıb və "Real"la yeni müqavilə imzalamaqdan boyun qaçırıb.
Ronaldunun "Real"la indiki müqaviləsinin müddəti 2015-ci ildə başa çatır. Futbolçunun transfer qiymətinin ucuzlaşmasına imkan verməmək üçün "Real" rəhbərliyi Ronaldunu yay "transfer pəncərəsi"ndə satmağa qərar verib. Futbolçunun agenti Horhe Mendeşin dediyinə görə, futbolçunun karyerasında "yeni mərhələ, yeni çağırışa ehtiyacı var". El Pais bildirir ki, "qalaktikos" rəhbərliyi Kriştianu Ronaldunu satandan sonra komandanın hücum xəttində yaranacaq boşluğu doldurmaq üçün Neymar, Qaret Beyl, İsko və ya Silvanı transfer etməyi düşünür. Hazırda "Real"ın menecerləri Braziliyanın "Santos" klubu ilə danışırlar apararan Anhel Neymarı almaq istəyirlər. "Santos" Neymar üçün 50 milyon avro istəyir.
"Real"ın prezidenti Florentino Peres eyni zamanda, İngiltərənin "Tottenhem" klubundan Qaret Beylin alınması üçün danışıqlara başlamağa göstəriş verib.
Bununla belə, Kriştianu Ronaldunu komandada saxlamaq üçün son səylər göstərilir.