Falkao, Arda və Simeone "Bakı"nın sərgisində iştirak edəcəklər

Bu gün İspaniyanın paytaxtı Madrid şəhərində 33-cü FUTUR Beynəlxalq Turizm sərgisinə start verilib. Azerisport.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunan Azərbaycan bölümündə turizm və biznes sahələri ilə yanaşı, idman sektoru da təmsil olunur.
Madridin İFEMA sərgi mərkəzində 5 gün ərzində davam edəcək beynəlxalq sərgidə "Bakı" futbol klubunun infrastruktur çalışmaları, uşaq futbolu, futbol akademiyasının fəaliyyəti, beynəlxalq əlaqələr, o cümlədən, "Atletico" ilə əməkdaşlıq barədə ətraflı məlumat verilir, təbliğat-təşviqat materialları, klub atributları, tarixi video və audio vəsaitləri yayılır.
"Bakı" futbol klubu və İspaniyanın "Atletiko" klubları arasında əməkdaşlıq çərçivəsində nəzərdə tutulan əməkdaşlıq şərtlərindən yararlanan klub bu mötəbər sərgidə "Atletico" saatları təşkil edib. "Atletico"nun futbolçuları təyin olunan saatlarda sərgidə futbol geyimləri imzalayaraq, ziyarətçilərə hədiyyələr edəcəklər. Məsələn, fevralın 1-də Falkao və Arda Turan, eləcə də baş məşqçi Dieqo Simeonenin bu tədbirdə iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, FUTUR sərgisi dünyanın ən böyük sərgi-nümayiş mərkəzlərindən biri kimi qəbul olunur. 33-cü dəfə keçiriləcək ənənəvi sərgi daim tək İspaniyanın deyil, eyni zamanda iş dünyasının diqqət mərkəzində olur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31