Federer yenə finala çıxa bilmədi

Tennis üzrə "Böyük dəbilqə" seriyasından keçirilən Avstraliyanın açıq çempionatında kişilərin fərdi mübarizəsində də son finalçı müəyyənləşib. Lent.az-ın məlumatına görə, bu, Böyük Britaniya təmsilçisi Endi Mürreydir.
O, yarımfinalda isveçrəli Roje Federeri məğlubiyyətə uğradıb. 4 saat davam etmiş qarşılaşmada Mürrey ilk seti 6:4 hesablı üstünlüklə tamamlayıb. Sonrakı setdə Federer 7:6 hesablı qələbəyə nail olub. Üçüncü setdə yenə britaniyalı tennisçi qalib olub - 6:3. Amma məşhur tennisçi dördüncü setdə 7:6 hesablı qələbəyə nail olub. Həlledici setdə isə Mürrey daha inamlı təsir bağışlayıb - 6:2. Bununla da Federer 4 dəfə qələbəyə nail olduğu Avstraliyanın açıq çempionatında ardıcıl 3-cü il finala yüksələ bilməyib.
Qeyd edək ki, yanvarın 27-də keçiriləcək finalda Endi Mürreyin rəqibi serbiyalı Novak Cokoviç olacaq. Bundan bir gün öncə isə belaruslu Viktoriya Azarenko ilə çinli Na Li qadınların fərdi mübarizəsində qalibi müəyyənləşdirəcək.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31