“Yeyib, yatmaq bizə həmişə pis təsir edir”

"Kəpəz"in yarımmüdafiəçisi Emin Əliyev klubundakı vəziyyətdən danışdı.

- "Kəpəz"in birinci dövrədı zəif çıxış etməsinin səbəbi nə idi?
- Deyə bilərəm ki, bir az təcrübəmiz çatmırdı. Heyətimizdə cavan futbolçular da çox idi. Yəqin zəif çıxışımızın səbəbi budur. Həm təcrübəsizlik, həm də oyunçu yetərsizliyi - hamısı özünü biruzə verirdi. Komandamızda birlik yox idi. Bunların hamısı birinci dövrədə özünü göstərdi. Məqsədimiz odur ki, çalışaq və axırıncı yerdən qurtulaq. Çünki bu vəziyyət "Kəpəz"in adına yaraşmır. Ümid edirik ki, yaxşı nəticələr göstərəcəyik.

- Komandanı tərk edən futbolçuların yerini tuta biləcək oyunçular gələcəkmi?
- Ümid edirəm ki, olacaq. Komandada futbolçuların siyahısına baxanda görürsən ki, çoxu cavan oyunçulardır. Klubun da siyasəti budur ki, legionerlərin əvəzinə, yerli futbolçular oynasın. Doğrudur, çətin olacaq, amma, düşünürəm ki, komandadan nəsə tələb etmək düzgün deyil.

- Son oyunlarda çıxışınızda eniş dövrü oldu. Səbəb nə idi?
- Səbəb yəqin ki, psixoloji vəziyyətlə bağlı idi. Açığını desəm, birinci dövrədə, yaxşı oyun göstərə bilmədim. Amma mövsümün axırıncı oyunlarında yaxşı oynadım. Fasilə və yeyib, yatmaq həmişə bizə pis təsir edir.

- Dediniz ki, çətinlikləriniz psixoloji durumla bağlı idi. Bəs futbolçu üçün belə vəziyyətdən çıxış yolu nədir?
- Əlbəttə, heç kim uduzmaq istəmir. Arxa-arxaya bir neçə oyun uduzanda da insanın beyni lazım olmayan fikirlərlə dolur. Gərginlik, həvəssizlik olur, istəyirsən qalib gələsən, amma yaxşı nəticə göstərə bilmirsən. Bütün bunlar da komandaya pis təsir edir. Fikrimcə, çempionatda bir neçə oyunda qalib gəlsək, komandanın əhval-ruhiyyəsi də daha yaxşı olacaq.

- "Kəpəz"də maddi problemlərin olduğu bildirilir.
- Əlbəttə ki, oynayırıq pul qazanaq və ailəmizə baxaq. Mübarizə üçün çıxanda bunların hamısı kənarda qalır, yaddan çıxır. Meydana çıxanda əsas məqsəd vuruşmaq və qələbə qazanmaq olur. Maddi problemlər də yəqin ki, düzələr.

- Bəs, maddi vəziyyətə görə, Mahmud Qurbanovla futbolçular arasında problemlər yaranmır?
- Ola bilər. Amma onun burada heç bir günahı yoxdur.

- Bəs, sizin..?
- Xeyr...

- Gələcək karyeranızla bağlı planlarınız nədir?
- Hər bir futbolçu kimi mən də karyeramı xaricdə davam etdirmək istəyirəm. Bunun üçün əlimdən gələni edirəm.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31