Rodriginyo: "Azərbaycanda ailəmə görə oynayırdım"
8 Yanvar 2013 19:03 İdman"Neftçi"nin sabiq yarımmüdafiəçisi Rodriginyo Braziliyanın B Seriyasında çıxış edən "Sport Resife" klubuna keçidi öncəsi mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, o, Azərbaycan klubuna keçidindən də danışıb.
Maraq üçün qeyd edək ki, Braziliya klubunun fanatları Rodriginyonun yenidən bu komandaya qayıtmasını o qədər də xoş qarşılamayıblar. "Neftçi"nin sabiq futbolçusu 2006-cı ildə də "Sport Resife"də çıxış edib. Rodriginyo öncə azarkeşlərin bu reaksiyasına münasibət açıqlayıb:
"Bu cür münasibəti normal qarşılayıram. Çünki mən bu klubu artıq bir dəfə tərk etmişdim. İndi yenidən komanda üçün nə edə biləcəyimi demək istəməzdim. Hər şeyə meydanda aydınlıq gələcək. Bilirəm ki, "Sport"un tərəfdarları çox fanatikdirlər".
30 yaşlı futbolçu Azərbaycanı seçməsinin səbəblərindən danışarkən bunları dilə gətirib: "Futbol onda yaxşıdır ki, orada hər cür imkanlar var. Məni tənqid edənlərin ağzını bağlaya bilmərəm. Ancaq sizin futbol oynamaq, həyatda lazım olan qazancı əldə etmək, ailəni təmin etmək şansınız varsa, onda sənə ödəniş edən kluba kömək etmək olar".
Qeyd edək ki, braziliyalı yarımmüdafiəçi "Neftçi"də uzun müddət zədəli olduğundan meydana çıxmadı. Elə məhz bu üzdən də paytaxt klubu Rodriginyo ilə yolları ayırmağa qərar verdi.