"Gecənin istənilən saatında, yuxudan qaldırsalar, top qova bilərəm"
12 Dekabr 2012 14:25 İdmanLondon Olimpiadasında ölkəmizə iki qızıl medaldan birini qazandırmış Toğrul Əsgərov "Kəpəz"in rəsmi saytına müsahibə verib. Publika.Az xəbər verir ki, Gəncə güləş məktəbinin yetirməsi futbolla bağlı sualları cavablandıraraq, maraqlı açıqlamaları ilə diqqəti çəkib. Həmin müsahibəni diqqətinizə təqdim edirik:
- Toğrul, futbolla aran necədir?
- Həyatımda futbolun ayrı bir yeri var. Güləş və basketbolla yanaşı, futbol oynamaqdan da böyük ləzzət alıram. Gün ərzində 2 dəfə məşq etsəm, yorulsam belə, futbol oynamağa həvəslə razılaşıram. Gecənin istənilən saatında yuxudan qaldırsalar, top qova bilərəm. Demək olar ki, həftədə 2 dəfə futbol oynayıram. Bazarertəsi və cümə gunləri uşaqlarla yığışıb oynayırıq. Futbola marağım olduqca böyükdür. Hərdən mənə deyirlər ki, sən güləşlə futbolu dəyişik salmısan. Dost-tanış deyir ki, "Gərək futbolçu olardın, onda həyatın bəlkə tamam başqa cür olardı".
- Gəncədə uşaq və yeniyetmələr əsasən güləş və ya futbola meyl edirlər. Ona görə fikrini soruşduq.
- Futbola həqiqətən də həvəsim çoxdur. Bunu dost-tanışdan soruşa bilərsiniz ki, mən necə futbol oynayıram. 100 faiz əminəm ki, güləşçi olmasaydım, futbolçu olacaqdım.
- Hansı klublara və yığmaya azarkeşlik edirsən?
- Dünya klublarından "Barselona"ya , yığmalardan isə İspaniya və Argentinaya azarkeşlik edirəm.Və əlbəttə ki, Gəncəmizin "Kəpəz"inə...
- "Kəpəz"in adını sonuncu dedin.
- (Gülür) Siyahı belə alındı. İlk növbədə "Kəpəz"ə azarkeşlik edirəm. Uşaqlıqdan bu komandanın azarkeşi olmuşam. Tez-tez gedib, oyunlarına baxmışam. İndi vaxt azlığına görə gedib, baxa bilmirəm. Hec televizorda da izləyə bilmirəm. Cünki məşqlərdən vaxt olmur. Yorğun oluram. Bu üzdən də məşqdən sonra dincəlmək, yatmaq lazımdır. Mütləq imkan tapıb, "Kəpəz"in qarşıdakı oyunlarına baxmağa gedecəm. İdmançılarla bir yerə yığışanda, yığmanın təlim-məşq toplanışında olanda futboldan çox danışırıq. Hərə azarkeşlik etdiyi komandadan danışır. Güləş yığmamızın üzvü Cəbrayıl Həsənov Astaradandır. Cənub bölgəsindən olduğu üçün "Xəzər-Lənkəran"a azarkeşlik edir. Hər dəfə Lənkəran komandasını tərifləyir. Gəncəli olduğumdan mən də "Kəpəz"dən danışıram. Yaxşı da, pis də oynasa, özumüzün komandamızdır. Hərə öz klubunu təriflədiyindən, bu barədə öz aramızda intriqa da olur.
- "Kəpəz"lə bağlı xəbərlərlə hardan məlumat alırsan?
- Mətbuatı az izləyirəm. Elə televizora da az baxıram. Ona görə dost-tanışdan nəsə öyrənməyə çalışıram. "Neftçala" klubunun rəsmiləri arasında bir dostum var. Futbolun içində olduğu üçün onunla danışıb, Gəncə futbolu haqda məlumat alıram. Bilirəm ki, artıq Gəncədə ikinci komandada var. Uşaqlardan "Tərəqqi"nin və "Kəpəz"in oyunları, nəticələri haqda maraqlanıram.
- İdmançı kimi həm də "Neftçi" İSM-in üzvüsən. "Kəpəz"lə "Neftçi" arasında isə tarixi rəqabət var.
- Bunu bilirəm. Mən Gəncə -"Neftci" idmançısı kimi güləşirəm. "Neftçi"nin üzvü olsam da, mənim üçün birinci sırada "Kəpəz"dir. Birinci "Kəpəz"ə azarkeşlik edirəm. Sonrakı sırada "Neftçi"dir. "Kəpəz"in hazırkı durumunu bilirəm və komandamızın yenidən uğurlu çıxışlarını davam etdirəcəyinə inanıram. Gəncədə idmana həmişə maraq olub. Peşəkarları bir kənara qoyaq, şəhərimizdə çox sayda həvəskar futbolçu, yaxşı oynamağı bacaran insan var. Mini meydançalarda axsam saat 6-dan 12-yə kimi boş vaxt tapmaq olmur. Hamı boş vaxtlarında futbol oynayır.