Rus zabit Berlinə bayraq sancan Mirzə Hüseynovu niyə güllələdi?
11:55 HadisəTəəssüf ki, tarixdə yalanlar çoxdur. Bu yalan isə uzun illərdir ki, həqiqət kimi tarixə salınıb. Bəli, məhz "salınıb", çünki onlar fövqəlqüvvələrə həqiqət kimi lazımdırlar.
9 may bayramını qeyd etməsək də bəzi həqiqətləri bilməyə borcluyuq. Ən azından tarix və onun həqiqətlərinin gizlinlərə çevrilməməsi üçün. Məsələn, Almaniya Reyxstaqı üzərinə bayraq sancan və buna görə öldürülən azərbaycanlı "Mirzə Hüseynov" adı bəlkə də çoxunuza heç nə demir. Elə isə bu azərbaycanlı zabitin müavini olmuş Şahbaz Hüseynovun dediklərinə baxaq və qəhrəmanımızı tanıyaq: "Komandirimiz əslən Qərbi Azərbaycanın Vedi rayonundan olan leytenant Mirzə Hüseynov idi. Məni onun köməkçisi təyin etdilər. Berlin üzərinə həlledici hücum zamanı elə öndə gedən də Mirzə Hüseynovun taqımı idi. Böyük itkilər hesabına olsa da, Berlin şəhərinə ilk dəfə daxil olan 40-cı korpusun əlahiddə avtomat qırıcı batalyonunun kəşfiyyatçılar taqımı oldu. Təsdiqləyirəm ki, Berlinə ilk daxil olan da leytenant Mirzə Hüseynov oldu. Qalan əsgəri hissələr bizdən sonra şəhərə daxil oldular. 1945-ci il may ayının 6-da günortadan sonra biz Reyxstaqa ilk daxil olduq. Bir anlığa Mirzəni itirdim. Hara getdiyini bilmədim. Yardımlı rayonundan Damət Verdiyev adlı döyüşçü dostum yanımda idi. Birdən o qayıtdı ki, "Şahbaz, bir ora bax" və Reyxstaqın günbəzini göstərdi. Nə görsəm yaxşıdır? Komandirimiz Mirzə Hüseynov Reyxstaqın başına qalxır. Özü ilə götürdüyü sovet bayrağını Reyxstaqın zirvəsinə sancdı, bağladı. Qollarını yana açıb, "Pobeda za nami" dedi. Hamı onu alqışladı. Elə bu vaxt məndən bir qədər aralıda duran polkovnikin komandirimə atəş açdığını gördüm. Mirzə Hüseynov əvvəlcə sürüşüb, günbəzin üstünə, oradan da yerə yıxıldı. Hamı bir anlığa özünü itirdi.
Yardımlı rayonundan olan Damət Verdiyev adlı əsgər silahdaşımla özümüzü komandirimizə çatdırdıq. Komandir dörd il döyüşdü, bir alman gülləsi ona dəymədi, ancaq uğrunda döyüşdüyü hökumətin zabitinin gülləsinin qurbanı oldu. Bu güllə dörd ildə ona dəyən yeganə güllə idi.
Adına sovet ittifaqı deyilsə də, dövlət Rusiya imperiyası idi və başında da gürcü Stalin dururdu. Ona görə də Reyxstaqın günbəzinə qələbə bayrağını məhz rusla gürcü "sancmalı" idi. Heç şübhə etmirəm ki, vedili, türk övladı Mirzə Hüseynovun yerinə qazax, özbək, qırğız, türkmən, kürd, talış, ləzgi, çeçen və digər müsəlman qardaşlarımızdan biri olsaydı belə, onların da aqibəti faciəli olacaqdı.
Həmin gün axşam məni sovet zabitini öldürdüyüm üçün həbs etdilər. Məhkəmədə mənə ömürlük həbs cəza verdilər, soyuq Sibirin ünyetməz bir guşəsində olan həbsxanaya göndərdilər. 23 yaşında idim. On bir il həbsdə yatdım.."
Belə. Jukovun arzusu reallaşır və rus əsgəri Aleksey Kovalyov Reyxstaq üzərində Qələbə bayrağını "ilk dəfə" sancır. Xaldey bir neçə cəhddən sonra bu anı çəkə bilir və məhz həmin fotonun yayılmasına izn verilir.
Marşal Jukov və Stalin bu yolla qəhrəman azərbaycanlıların qəhrəmanlıqlarını arxa plana atırlar.
Lakin SSRİ-nin etdiyi bu səhvi onun xələfi təkrarlamır. Bu gün rusiyalı tarixçilər, tədqiqatçılar Berlinə ilk olaraq azərbaycanlıların daxil olduğunu təsdiqləyirlər. Sovet rəhbərliyinin cəhdlərinə baxmayaraq, Berlində Brandenburq qapıları üstünə Qələbə bayrağını ilk olaraq azərbaycanlıların sancdığı faktı dəyişməz olaraq qalır.
Baba Allahnəzərov