İran həbsxanalarında cəza çəkən azərbaycanlılardan xəbər var
7 Aprel 2014 13:12 Güney"Beynəlxalq Ana dili Günü" münasibətilə İran ETTELAAT-ı tərəfindən həbs edilmiş azərbaycanlı fəallardan məlumat var. GAMOH-un verdiyi məlumata görə, mərasimlə əlaqədar keçirilən tədbirdə saxlanılan Behnam Şeyxi Tehranın Evin həbxanasına aparılan vaxt milli fəal buna etiraz əlaməti olaraq aclıq aksiyasına başlayıb. Lakin Şeyxinin keçirdiyi aclıq aksiyasının təfərrüatları barədə həbsxanadan heç bir məlumatın verilmədiyi bildirilir. Həmçinin həbs vaxtı tanınmış azərbaycanlı milli-mədəni fəal Əkbər Azadın təhqir edildiyi deyilir. Şahidlərin sözlərinə görə, Evin həbsxanasının əməkdaşları onun saçlarını və üzünü zorla qırxıblar. Fəalın bundan başqa digər mənəvi təzyiqlərə məruz qaldığı da bildirilir. Həbs edildikdən sonra 11 nəfərlə birlikdə şəxsiyyət vəsiqəsi qarşılığında azadlığa buraxılan Əziz Fərşi isə yenidən İslamşəhr məhkəməsinə çağırılıb və yeni ittihamlarla üzləşib. Yaşlı milli fəalın bundan əvvəl də dəfələrlə məhkəmənin qərarı ilə istintaq üçün Evin həbsxanasına aparıldığı deyilir. Əlirza Fərşi, Rüstəm Kazimpur, Həmid Mənafi Nadarlı və Mahmud Ocaqlı da tədbirlə əlaqədar ETTELAAT tərəfindən saxlanılanlar sırasındadırlar. Ailələrinin bütün cəhdlərinə baxmayaraq, fəallar naməlum yerlərdə saxlanılırlar. Onlar barədə ailələrinə heç bir məlumat verilmir. Digər milli fəal Mənsur Fəthi isə təxminən 1 ay ağır şəraitdə saxlanıldıqdan sonra sərbəst buraxılıb. Qeyd edək ki, fevralın 21-də ETTELAAT-ın apardığı əməliyyatlar nəticəsində 100-dən çox milli fəal həbs edilib. ("OLAYLAR" İA)