Mühacir parlamentinin yaranması Güney hərəkatına nə verəcək?
Quzeyli ekspertlərin fikirləri müxtəlifdir
18 Mart 2014 15:59 Güney"Xarici mətbuatda ciddi iş aparılmalıdır"
"GAP-ın mühacirətdəki fəaliyyətinə dəstək vermək imkanımız yoxdur"
Güney Azərbaycan Milli Hərəkatı daha bir uğura nail olub. Martın 15-də Kopenhagendə Güney Azərbaycan əsilli bir qrup ictimai xadim Güney Azərbaycan Müvəqqəti Mühacir Parlamentini yaradıblar. Təşkilatın Məsul Heyətini seçilib. Qurum Firidun Pərvizniya, Mahmudəli Çöhrəqanlı, Nurəddin Qərəvi, Əhməd Obalı, Eldar Qaradağlı, Abdullah Əmirhaşimi, Mehmet Müştaq, Səməd Fərtaş və Səttar Sevgindən ibarət olacaq. Təşkilatın yaydığı bəyanatda qeyd olunur ki, müxtəlif təşkilatlarda olan insanları birləşdirən tək amal Azərbaycandır: "Bu gün Güney Azərbaycanın həmişəkindən daha çox bizim birliyimizə ehtiyacı var. Biz bir olmadıqca, gücümüzü birləşdirməyincə, Azərbaycanımızın haqlarını ala bilməyəcəyik, vətəndaşlarımızın problemləri həll olunmayacaq. Regionumuzda baş verən hadisələr bizi daha sıx birləşməyə məcbur edir. Hər birimiz üzvü olduğumuz təşkilatların işini davam etdirməklə yanaşı, Güney Azərbaycan adına daha böyük birliyə imza atmalıyıq".
GAP Məsul Heyətinin tərkibinə nəzər saldıqda Milli Hərəkatın perspektivi ilə bağlı ümidlər yaranır. Çünki bu insanların əksəriyyəti yaxın günlərə qədər ayrı-ayrı təşkilat və qurumlarda təmsil olunur, bir-birinə ittihamlar səsləndirirdilər. Bu gün o insanlar bir aradadır. Güney Azərbaycan Parlamentinin yaranması bu baxımdan uğurlu addımdır. Əvvəla, bu qurumun yaranması dünya azərbaycanlılarının həmrəyliyi baxımından təqdirəlayiqdir. GAP ayrı-ayrı qurumlarda fəalliyyət göstərən güneyliləri bir araya gətirəcək. Xaricdə Güney Milli Hərəkatını tanıdacaq. Ən əsası Güney Azərbaycan Milli Hərəkatına ikinci nəfəs verəcək.
GAP-ın yaranması Qərbin İran layihəsində Güney Azərbaycan türklərinə önəm verməsindən xəbər verir. Bu o deməkdir ki, Güney Azərbaycan Milli Hərəkatının 15 ildən artıqdır ki, apardığı iş nəticə verib. Lakin Güney Azərbaycan Parlamentinin yaranması Quzeydə birmənalı qarşılanmayıb. Güney və diaspora üzrə ekspertlərin fikirləri fərqlidir.
Politoloq Elçin Mirzəbəyli hesab edir ki, mühacir hökumətlərinin, yaxud parlamentlərinin yaranmasının hüquqi əsasları olmalıdır ki, beynəlxalq ictimaiyyətlə əlaqələr qura bilsin: "Güney Azərbaycanda parlament - Milli Məclis 1945-ci ildə, 21 Azər hərəkatının qələbəsindən sonra yaradılıb. Lakin Azərbaycan Milli Hökuməti Cənubi Azərbaycanın müstəqilliyini elan etməmişdi, muxtar hökumət kimi fəaliyyət göstərirdi. Güney Azərbaycan Milli Məclisinin bəzi üzvləri isə 21 Azər hərəkatının süqutundan sonra qətlə yetirildilər, bəziləri həbsə atıldı, yaxud sürgün olundu, bəziləri isə mühacir həyatı yaşamaq məcburiyyətində qaldılar. Hazırda həmin parlamentin üzvlərindən sağ qalanı yoxdur. Güney Azərbaycan türklərinin seçmədiyi bir parlament isə heç bir halda hüquqi statusu ola bilməz".
Araşdırmaçı jurnalist Ramil Məmmədli bidldirir ki, Azərbaycan türklərinin öz müqəddəratının tanınması istiqamətində istənilən addımını dəstəkləmək lazımdır: "Lakin min illərdir İran adlanan ölkədə Güney Azərbaycan türklərinin siyasi mövqelərinin itirilməsinə gətirib çıxaran heç bir layihəni dəstəkləyə bilmərəm. Çünki hazırkı məqamda Azərbaycan Respublikasının imkanları Güney Azərbaycan Parlamentinin mühacirətdəki fəaliyyətinə dəstək vermək iqtidarında deyil. Belə olan təqdirdə bu qurum bizim maraqlarımıza xidmət etməyə bilən beynəlxalq qurumların qarmağına keçə bilər. Fikrimcə, Azərbaycan türkləri İranda ən böyük çoxluq olaraq, bu dilin ölkə miqyasında geniş hüquq qazanması uğrunda mübarizə aparmalıdırlar". Baymedia.az saytının siyasi şərhçisi Əli Zülfüqaroğlu hesab edir ki, GAP-ın yaranması müsbət hadisədir: "Güney Azərbaycan Mühacir Parlamenti ideyası çoxdan var idi. Fikrimcə, bu ideya müsbət addımdır və bunu reallaşması bu istiqamətdəki proseslərin xeyrinə olacaq. Güney Azərbaycan Mühacir Parlamenti daha çox diqqət cəlb edə bilər. Bunun üçün xarici mətbuatla ciddi iş aparılmalıdır. Parlamentdə müxtəlif təşkilatlardan və dünyanın hər yerindən insanlar seçilməlidir. Mütəmadi olaraq ən azından internet vaitəsilə toplantılar keçirilməli, qərarlar qəbul olubn malıı, bəyanatla verilməlidir. Bu qurum aktiv olacaqsa müsbət nəticələr, effektli fəaliyyətlər olacaq. Yox əgər ənənvi təşkilatların fəaliyyət prinsiplərindən lənara çıxmnayacaqsa, onda uğur gözləməyə dəyməz".