“Ruhani də azərbaycanlılara səmimi olmadı”
11 Mart 2014 13:03 GüneyGüney azərbaycanlı milli fəal Ramin Cabbarlı "Cihan"-a müsahibə verib. R.Cabbarlı bildirib ki, aralarında tanınmış milli fəallardan İbrahim Savalan, Abbas Veysanlı və Saleh Molla Abbasi olmaqla son həbslərdə 100-dən çox azərbaycanlı İran xüsusi xidmət orqanları tərəfindən saxlanılıb. İranda yaşayan 35 milyondan çox azərbaycanlının ana dilində təhsil almaq hüququnun olmadığını deyən R.Cabbarlının sözlərinə görə, hakimiyyət türklərin təbii sərvətlərini istismar etməklə yanaşı Urmiya gölünün qurumasında da əsas məsuliyyəti daşıyır: "Hər il "Beynəlxalq ana dili günü" ərəfəsində İranda azərbaycanlıların həbs edilməsi ənənə şəklini alıb. Lakin İran hakimiyyəti tərəfindən həyata keçirilən bu ilki həbslərdə çoxlu sayda azərbaycanlı saxlanılıb". Türkiyəli, Orta Şərq ölkələri üzrə mütəxəssis Arif Kəskin də sayta açıqlamasında bildirib ki, Həsən Ruhaninin İranda prezident seçilməsilə problemlərin həll ediləcəyi gözlənilən idi: "Lakin Güney Azərbaycanda baş verən həbslər əslində Ruhaninin səmimi olmadığını ortaya qoyur. Ruhani türk dilinin də rəsmi səviyyəyə qaldırılacağına söz verərək ümid yaratdı. Amma azərbaycanlılara istiqamətli həbslər bunun tamam əksini göstərir". ("OLAYLAR" İA)