“İran hakimiyyəti gölün quruması məsuliyyətindən qaçır”

Peyk vasitəsilə çəkilən son şəkil Urmiya gölünün 85%-dən çoxunun qurumasını təsdiq edir

Türkiyədə yaşayan güneyli milli fəal Elçin Hatəmi Urmiya gölü barədə danışdı. E.Hatəmi bildirdi ki, 1995-ci ildən Urmiya gölü qurumağa başlayıb. Gölün qurumasının ən başlıca amili İran hakimiyyətinin Güney Azərbaycana istiqamətli siyasətilə bağlıdır. E.Hatəmi qeyd etdi ki, molla rejiminin tapşırığı ilə gölə tökülən çayların qarşısında beton bəndlər salınıb. Təxmini olaraq çayların üzərində 30 bəndin inşa edildiyini deyən Elçin Hatəminin sözlərinə görə, gölün ortasında Təbriz-Urmiya şose yolu salınıb: "Bu da suyun kimyəvi tərkibini pozaraq gölün qurumasına səbəb oldu. İranlı rəsmilər məsuliyyətdən boyun qaçıraraq problemi iqlim dəyişməsilə əlaqələndiririrlər. Ekspertlərin qənaətinə görə, Urmiyanın qurumasında iqlmi faktoru 10-15% rol oynayır. 85-90%-nin isə insan amili olduğunu bildirirlər. Urmiya gölünün quruması bölgədə böyük fəlakətə yol açacaq. Hazırda gölün 85%-i quruyub. 200 növ quş və heyvan bu səbəbə görə məhv olub. BMT-nin son hesabatına əsasən, gölün quruması və bu səbəbə görə, artan duz miqdarı 500 km-lik dairə radiusunda yaşayan bütün canlıların, o cümlədən insanların həyatına mənfi təsir edəcək. İnsanlarda göz, ağciyer və mədə-bağırsaq, dəri, xərçəng xəstəliklərinin artmasına yol açacaq. İran hakimiyyətinin Urmiya gölü ilə əlaqədar verdiyi bəyanatlar bu günədək yalnız söz olaraq qalıb. Qurumanın qarşısını almaq üçün heç bir əməli tədbir görülmür. Əksinə Urmiyanın qurumasına etiraz edən milli fəallar molla rejimi tərəfindən həbs edilir, təzyiqlərə məruz qalırlar. Gölün qurumasında əsas məsuliyyəti İran hakimiyyəti daşıyır". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31