“İran Güney Azərbaycana qarşı daha da aqressivləşib” - AÇIQLAMA
Elçin Hatəmi: “Azərbaycan türklərinə olmazın işgəncələr verilsə də, biz yenə də beynəlxalq qanunlar çərçivəsində, dinc yollarla mübarizəmizi davam etdirəcəyik”
28 Fevral 2014 16:21 GüneyMilli fəal Eçin Hatəmi Güney Azərbaycanda baş verən total həbslərlə bağlı prosesləri şərh edib. E.Hatəmi bildirib ki, İran hakimiyyətinin axır vaxtlarda Güney Azərbaycandan olan milli fəallara yönəlik qərarlarında son illə müqayisədə heç bir dəyişiklik yoxdur. Milli fəal qeyd etdi ki, İran hakimiyyəti əvvəlki illərlə müqayisədə Azərbaycan türklərinə qarşı daha radikal qərarlar qəbul edir. E.Hatəmi vurğuladı ki, 21 fevraldan sonra Cənubi Azərbaycanın müxtəlif şəhərlərində kütləvi həbslərə start verilib: "Son həbs dalğasında 100-cən çox milli fəal İranın təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən həbs edilib. Ağır həbsxana şəraitində saxlanılan milli fəallar dözülməz işgəncə və zorakılıqlara məruz qalırlar. Bu yaxınlarda 7 milli fəal bir neçə gün ETTELAAT-ın Təbriz təcridxanasında saxlanıldıqdan sonra təkrar Əhər həbsxanasına göndərilib. Onlardan bir qismi isə Tehranın Evin həbsxanasının 209-cu bölməsinə ekstradasiya edilib. Evin həbsxanasında saxlanılanlara da ağır işkəncə verilir, zorakılıqlar edilir. Əhərdə saxlanılan 7 milli fəal - Abbas Lesani, İbrahim Rəşidi, Saleh Abbasi, Behzad Əbdi, Abbas Nəzəri, Əkbər Əddülzadə və İbrahim Nuri şəhər prokurorluğuna etiraz məktubu yazaraq ETTELAAT-ın Təbriz təcridxanasında ağır işgəncə və zorakılığa məruz qaldıqlarını bildiriblər. Azərbaycanlı milli fəalların İran hakimiyyətinə qarşı mübarizəsi hüquqi çərçivədə həyata keçirilir. Azərbaycan türklərinə olmazın işgəncələr verilsə də, biz yenə də beynəlxalq qanunlar çərçivəsində, dinc yollarla mübarizəmizi davam etdirəcəyik". Elçin Hatəmi qeyd etdi ki, Güney Azərbaycanda türklərə qarşı aparılan həbs kampaniyasına görə, molla rejimi məsuliyyət daşıyır. ("OLAYLAR" İA)