İran həbsxanalarında saxlanılan milli fəallara inanılmaz işgəncələr verilir

Güney Azərbaycandan olan milli fəallar həbsxanada onlara işkəncə verildiyi üçün İranın məhkəmə orqanlarına etiraz məktubu yazıblar. Abbas Lisani, Saleh Molla Abbasi, İbrahim Rəşidi, İbrahim Nuri, Behzad Əbdi, Əkbər Əbulzad və Abbas Nəzəri məktubu Əhər prokurorluğuna göndəriblər. Məktubda hüquq mühafizə orqanları əməkdaşlarının milli fəallara qarşı vəhşilikləri əks olunub. "OLAYLAR"-ın GAMOH-a istinadən məlumatına görə, məktubda həmçinin milli fəalların söyüşlə təhqir edilməsi, təpik və yumruqla döyülməsi, şallaqlanması, başlarının divarlara çırpılması, məcburi etiraf etdirilməsi əks olunub. Milli fəallar bildirirlər ki, işkəncə verilməklə ittiham olunduqları məsələlərə görə, etirafları alınıb. Qeyd edək ki, adı çəkilən milli fəallar "Beynəlxalq ana dili günü" münasibətilə keçirilən tədbirdə həbs ediliblər. Əhərdə təxminən 100 nəfərdən çox azərbaycanlı da saxlanılıb. ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31