Milli fəal həbsxanada aclıq aksiyasına başlayıb
28 Fevral 2014 13:16 GüneyAzərbaycanlı milli-mədəni fəal İsrafil Soltanian Tehranın Evin həbsxanasından azadlığa buraxılıb. Lakin onunla birlikdə saxlanılan milli fəallar Əkbər Azad, Əlirza Fərşi və Mənsur Fəthi hələ də Evin həbsxanasında saxlanılırlar. Hər iki ayağından əlil olan İ.Soltanian, Əziz Fərşi, Mənsur Fəthi və Muctaba Musəvi həbxanada döyülüb və işkəncələrə məruz qalıblar. "OLAYLAR"-ın GAMOH-a istinadən məlumatına görə, M.Musəvinin vəziyyəti isə ağırdır. İşkəncələr nəticəsində milli fəalın bədənində ciddi problemlər yaranıb, sidiklə qanaxma müşahidə olunur. Musəvinin astma xəstəliyindən əziyyət çəkməsi vəziyyətinin daha da pisləşməsinə səbəb olub. Digər milli-mədəni fəal Səccad Əfruzian isə ETTELAAT-ın Məlikan şəhər idarəsindən Marağa həbsxanasına köçürülüb. Qeyd edək ki, S.Əfruzian fevralın 20-də Məlikanda Kərim Fəyyazi ilə birlikdə həbs edilib. Milli fəallar 2 gün polis idarəsində saxlanıldıqdan sonra Marağa həbsxanasına, oradan da ETTELAAT-ın Məlikan şəhər idarəsinə aparılıblar. M.Əfruzian həbxanada aclıq aksiyasına başlayıb. ETTELAAT əməkdaşları aclıq aksiyasına görə milli fəalın ailəsini təhdid ediblər: "Əgər S.Əfruzian aclığa son qoymazsa onun üçün yaxşı olmayacaq". Lakin milli fəal ailəsi ilə qısa telefon əlaqəsi saxlayarkən bildirib ki, aclıq aksiyasını dayandırmaq fikri yoxdur. ("OLAYLAR İA")