Güneylilər Vaşinqtonda İrana qarşı aksiya keçirib
27 Fevral 2014 17:17 GüneyCənubi Azərbaycandan olan bir qrup şəxs fevralın 26-da Vaşinqtonda İranın ABŞ-dakı keçmiş səfirliyinin, hazırda Tehranın maraqlarını təmsil edən ofisin qarşısında aksiya keçirib. Onlar İranda azərbaycanlı fəalların siyasi motivlərlə həbsindən narahatlıqlarını bildiriblər. "Turan"ın məlumatına görə, aksiya iştirakçıları Azərbaycan dilinə status verilməsini, İranın azərbaycanlı əhalisinin mədəni hüquqlarının təminatını tələb ediblər. Onların sözlərinə görə, son həftələr Beynəlxalq Ana Dili Günü ərəfəsində İranda 100-dən çox adam həbs olunub. Aksiya iştirakçıları "Cənubi Azərbaycan İran deyil!", "35 milyon azərbaycanlıya məhəl qoymadığınız yetər!", "Siyasi məhbuslar azad edilsin!" şüarları səsləndiriblər. "Biz öz doğma dilimizdə danışmaq istəyirik, uşaqlarımızı bu dildə oxutmaq, onlarla öz dilimizdə ünsiyyətdə olmaq istəyirik, fars dilində yox" - aksiya iştirakçısı Vida Doşabçı belə deyib. Digər aksiyaçı Alparslan Çöhrəqanlı "Turan"ın müxbirinə deyib ki, İran əhalisinin, demək olar, yarısını azərbaycanlılar təşkil edir, lakin onların heç bəzi azlıqların malik olduğu qədər hüququ yoxdur.
Aksiya iştirakçıları bəyanatlarını oxuyublar və ofisin nümayəndəsinə təqdim ediblər.