Molla rejimi Güneydə türklüyü unutdurmaq istəyir

İran hakimiyyətinin şovinist siyasəti Güneydə milli mübarizəyə rəvac verir

Güney Azərbaycanda İran hakimiyyətinin əmrilə milli fəallara yönəlik başlamış total həbslər tarım çəkilmiş əsəbləri bir az da gərir. Yayılan məlumatlara əsasən, son həbslərdə ETTELAAT tərəfindən 105 nəfərin saxlanıldığı iddia edilsə də, qeyri-rəsmi mənbələrdə rəqəm 200-ə yaxın göstərilir. İran qanunvericiliyilə nəzərdə tutulmuş haqlar uğrunda mübarizə aparan güneyli türklərə İran İnqilab Məhkəməsi eyni ittiham irəli sürür: İran hakimiyyətinə qarşı çıxmaq, milli təhlükəsizliyə istiqamətlənmiş hərəkətlər. Təbii ki, İran məhkəmələrinin həbs etdirilən Azərbaycan türklərinə qarşı irəli sürdüyü ittihamların hamısı tamamilə cəfəngiyyatdır. Çünki Həsən Ruhani hökuməti Güney Azərbaycanda hansı proseslərin cərəyan etdiyini birinci bilən çərçivədir.

İranda 1000 illik türk hakimiyyəti

İran hakimiyyəti ölkədə yaşayan 80 min erməniyə ana dilində təhsil almaq haqqı verir. 40 milyona yaxın Azərbaycan türkü isə İran Konstitusiyası ilə nəzərdə tutulmuş bütün hüquqlardan məhrumdur. Məsələn, İran Konstitusiyasının 15 və 19-cu maddələrinə əsasən, İranda Azərbaycan türkcəsi təhsil sistemində tədris dili kimi istifadə edilməlidir. Lakin molla rejiminin İranda türklüyü yox etmək təkcə dil faktorunda yox, ortaya qoyduğu bütün aqressiv tezislərində basdırmağa yönəlikdir. Molla rejimi türklərin assimiliyasiya siyasətini panfarsizm və şiəlik müstəvisində yürüdür. Şah Rza Pəhləvidən başlayaraq Həsən Ruhaniyə qədər bütün İran rejimlərinin əsas hədəfi türkləri farslaşdırmaq olub. İranda daxili siyasətin bütün aspektlərini paniranist yanaşma tərzi müəyyən edir. Molla rejiminin "təkmillətli dövlət" yaratmaq cəhdləri elmi təmələ sahib olmayan yanaşmadır. Tarixən də məlumdur ki, İranda dövlətçiliyin yaranmasının əsasını türklər qoyub. Uzun əsərlər İranda hakim danışıq və qanunvericilik dili Azərbaycan türkcəsi olub. Mollalar farsçılıq ideologiyasına qanunilik qazandırmaq üçün 40 milyonluq Azərbaycan türkünə qarşı təzyiq və həbs metodologiyasına üstünlük verir. Paniranizm siyasəti Azərbaycan türkcəsini təhsil sistemindən, KİV-dən, mədəni, siyasi, ictimai, inzibati sistemlərdən çıxarıb. İranda Azərbaycan türkcəsinin funksional sahəsi tamamilə məhdudlaşdırılıb. Fars şovinizminin bütün mümkün və mümkün olmayan cəhdlərinə baxmayaraq məhz farslar yox, Azərbaycan türkləri İran ərazisinində ari (yerli) iqrə mənsubdurlar. İran hakimiyyəti məqsədli şəkildə panizranizm siyasətinə hüquqi qiymət qazandırmaq üçün yalnız farsçılığı qəbul edən etnikləri dövlət strukturlarında vəzifələrlə təmin edir. İranda doğulan hər türk uşağına əvvəlcə fars dili öyədilir. Mollalara görə, fars dili "müasirlik" və "mədəniyyət"-dir. Faktdır ki, Abbasilərdən başlayaraq Səlcuq, Xarəzmşah, Monqol-tatar, Ağqoyunlu, Səfəvi, Əfşar və Qacar sülalələrinin əvəzləməsilə paytaxt Təbriz şəhəri olmaqla Rza Pəhləviyədək Azərbaycan türkləri İranda hakimiyyət başında olublar. Farslar yalnız 1925-ci ildə İngiltərənin gizli və açıq dəstəyilə türk xanədanlarının hakimiyyətinə son qoya bilib. Çünki həmin və indiki dövrdə həm Qərb, həm də ki, İran dünyada Türkiyədən sonra ikinci güclü türk dövlətinin varlığını özlərinə qarşı təhlükə kimi görürlər. Keçmiş tarix və Azərbaycanın vahid dövlət olmaq hüququ fars şovinizmini türklərə qarşı aqressivləşdirir. İranda türklərlə əlaqədar ən alçaldıcı ifadələr farsçılığın özəyində oturur. Türklərə türklüklərini unutdurmaq - Azərbaycanı İran içərisində əritmək siyasətinin kod adıdır. Şovinist siyasət tarixi istismar üzərində qurulub. Molla rejimi qaydalarına sədaqət və itaət yaratmaq üçün farsçılıq şovinizmi İranda türk kimliyinin gizlədilməsinə görə böyük enerji sərf edir. Hakimiyyət Azərbaycan Respublikasının Güneylə əlaqələrinin bərpa olunmaması üçün çalışır. Şimalla Cənubdakı türklərin eyni bayraq, dil, mədəniyyət, ənənə və tarixə malik olması amilinə görə, İran Azərbaycan Respublikasının məhv olması üçün bütün imkanlarından istifadə edir. Birinci Qarabağ müharibəsində Ermənistana gizli hərbi və maliyyə dəstəyi verən məhz İran olub. Daxildə isə türklərə qarşı nifrət ən aqressiv şəkildə təzahür edir. Şimal hissəsində müstəqil Azərbaycan dövlətinin yaranması ilə türklərə yönəlik assimiliyasiya siyasəti təcil qazandı.

Tarix təkrar olunur

Türklərin birləşməyindən duyulan şübhələr bu millətə qarşı təzyiq və edamların sayını artırır. Lakin vəd edilən qorxu və narahatlıq yaratmaq səyləri türklərin birləşməsinə zəmin yaradır. Molla rejiminin paniranist yanaşma tərzinə baxmayaraq, Güney Azərbaycanda Milli Oyanış Hərəkatı aktivləşir. Hakimiyyətin hüquqlarını məhdudlaşdırmaq cəhdləri güneyli türklərin milli mübarizəsinin qızışmasına təcil qazandırır. İrandakı və Güney Azərbaycandakı türklər dövlətləşməyə hazır etnik qrup vəziyyətinə gəliblər. Azərbaycanın Cənubunda baş verən proseslər İran hakimiyyəti tərəfindən narahatlıqla izlənilir. İstənilən radikal qərarlara baxmayaraq Güney Azərbaycanda Milli Azadlıq Hərəkatını boğmaq mümkün deyil. Tarix təkrar olunur!!!

Mənsur Rəğbətoğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31