İran məhkəməsi azərbaycanlı fəallara hökm oxudu
18 Fevral 2014 14:38 GüneyTəbriz İnqilab Məhkəməsi milli fəallar - Mikayıl Turi, Məhəmməd Əmiri, Məhəmməd Xətibi, Əli Sirnak və Nəcəf Xəndaniyə bəraət verib. Məhkəmə qarşısına çıxarılan azərbaycanlı fəallar İran hakimiyyətinin əleyhinə təbliğat aparmaq və qanunsuz toplantılara qatılmaqla ölkənin milli təhlükəsizliyini pozmaqda ittiham olunurdular. GAMOH-dan "OLAYLAR"a verilən məlumata görə, fəalları məhkəmədə vəkillər Cəfər Əfşarniya, Fatimə Səttari və Sima Bağban müdafiə ediblər. Azərbaycanlılar keçən ilin fevralında ETTELAAT-ın əməkdaşlarının Təbrizin Qolşəhr məhəlləsində yerləşən "Yanar" çay evinə basqını zamanı 45 nəfərlə birlikdə saxlanılıblar. Həbsin əsl səbəbi isə 2013-cü il fevralın 26-da Asiya Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Təbrizin "Səhənd" stadionunda yerli "Traktor" komandası ilə BƏƏ-nin "Əl-Cəzirə" klubu arasında keçiriləcək qarşılaşmada 109 nəfər azərbaycanlı fəalın İran rejiminin Şərqi Azərbaycan vilayətinin Ermənistanla əlaqələrini genişləndirməsinə etiraz olaraq imzaladığı müraciətlə bağlı olub. ("OLAYLAR" İA)