“İran nüvə silahı əldə etmək niyyətindən geri çəkməyib”
Elçin Hatəmi: “Rejim Cenevrə anlaşması ilə ölkəyə tətbiq edilmiş iqtisadi sanksiyaları aradan götürmək məqsədi güdür”
3 Fevral 2014 16:34 Güney"İranın nüvə proqramı indiyədək xalqa 200 milyard dollardan çox zərər vurub. İranlı rəsmilər hesab edirlər ki, rejimin mütləqliyini yalnız nüvə silahı qarantiyaya ala bilər" - güneyli milli fəal, hüquq müdafiəçisi Elçin Hatəmi "Olaylar"a açıqlamasında belə deyib. E.Hatəmi bildirib ki, uzun müddət İran İnqilab Keşikçilərinin gizli fəaliyyəti və əlilə nüvə silahının əldə edilməsinə çalışılıb: "Lakin beynəlxalq ictimaiyyətin sərt təpkiləri və iqtisadi sanksiyalarından sonra İran dövləti çökmək həddinə çatıb. Tehran isə Cenevrədə əldə edilmiş razılaşmalardan sadəcə olaraq Qərbə qarşı taktiki gediş kimi istifadə edir. Həmin anlaşma ilə rejim ölkəyə qarşı tətbiq edilmiş iqtisadi embarqoları aradan götürmək niyyətindədir. İran bununla neftini yenidən dünya bazarına çıxarmaq şansı əldə edəcək ki, bu da nüvə proqramının yenidən fəallaşdırılması üçün külli miqdarda gəlirlərin əldə edilməsi deməkdir. Hesab edirəm ki, İran dövləti bu istiqamətdə nüvə silahının əldə edilməsi fəaliyyətinə yenidən start verəcək". ("OLAYLAR" İA)