“Milli fəalların həyatı təhlükədədir” - AÇIQLAMA
Elçin Hatəmi: “Həsən Ruhani prezident seçiləndən sonra İranda 500-dən çox insan edam edilib”
30 Yanvar 2014 14:31 Güneyİran rejimi Güney Azərbaycandan olan siyasi müxaliflərə qarşı həbs kampaniyasını dava etdirir. 1979-cu ildən bu günədək rejim tərəfindən İranda minlərlə siyasi və milli fəal edam edilib, işkəncələrə məruz qalıb, ağır həbs cəzalarına və saxta ittihamlara məruz qalıblar" - hüquq müfafiəçisi, güneyli milli fəal Elçin Hatəmi "Olaylar"a açıqlamasında belə deyib. E.Hatəmi bildirib ki, İran hakimiyyəti bu gün də azərbaycanlılara qarşı aqressiv münasibətini dəyişməyib. Milli fəal qeyd etdi ki, rejim güneyli milli və siyasi fəallara qarşı şiddətli təzyiqlərini daha da artırıb: "İran Ali Məhkəməsi yeni GAMOH üzvlərinin etirazlarına baxmayıb və məhkəmənin qərarı ilə saxlanılan milli fəallara 9 il həbs cəzası verilib. 6 ay Kərəc şəhərinin Rəcai şəhər həbsxanasında saxlanıldıqdan sonra yenidən Təbrizə qaytarılıblar. Onlar Təbriz həbsxanasında radikal təşkilatların üzvləri olan kameralarda yerləşdiriliblər. Həyatları təhlükə altındadır. Milli fəal Rəsul Rəzəvi 57 gün ETTELAAT-ın təkadamlıq kamerasında saxlanılıb və ağır işkəncələrə məruz qaldıqdan sonra Təbriz həbsxanasına göndərilib. İranda edamların sayı da günü-gündən artır. Dünyanın bir çox ölkələrində narkotik ticarətinə görə, həbs cəzası verilir. Lakin İranda bu ittihamla hər il yüzlərlə insan edam edilir. Həsən Ruhani prezident seçiləndən sonra bu ölkədə 500-dən çox insan edam cəzasının qurbanı olub. Gizli icra edilən edam cəzalarını da nəzərə alsaq, öldürülənlərin sayı daha çoxdur". ("OLAYLAR" İA)