İran hakimiyyəti qeyri-farslara ana dili hüququ verir?

Molla rejiminin digər etnoslara münasibəti kökündən dəyişməlidir

Xəbər saytlarının məlumatına görə, İran hakimiyyətinin qeyri-fars millətlərinə öz ana dillərində təhsil almaq hüququ vermək istəyir. Hökumət rəsmiləri bununla əlaqədar yaxın günlərdə parlamentə qanun layihəsinin təqdim ediləcəyini bildiriblər. İran hakimiyyətinin bu qəfil addımı çoxsaylı suallar yaradıb. Doğrudanmı, molla rejimi qeyr-fars millətlərə ənənəvi baxışını dəyişib? Yeni hökumət şahdan qalma, molla rejiminin də davam etdirdiyi panfarsist siyasəti dəyişməkmi istəyir? Bu faktdır ki, İranın yeni prezidenti Həsən Ruhani hakimiyyətə gələndən sonra Həsən Ruhani bir sıra addımlar atıb. Qərblə gərginliyi yoluna qoyub. ABŞ və müttəfiqləri İrana tətbiq etdikləri neft embarqosunu qaldırıblar. İran hökuməti hətta ABŞ-la diplomatik münasibətlərin bərpası məsələsini qaldırıb. Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə səfər edən İran prezidenti Həsən Ruhani yanvarın 22-də İsveçrənin "RTS" telekanalına müsahibəsində deyib ki, heç bir düşmənçilik və heç bir dostluq əbədi deyil. Biz çalışmalıyıq ki, düşmənçilikləri dostluğa çevirək. 30 ildən artıqdır İran-ABŞ münasibətlərində problemlər yaşanır və hesab edirəm ki, əlaqələri yaxşılaşdırmaq üçün hər iki tərəf iradə göstərməlidir. Tərəflərin bir-birinin etimadını qazanması üçün belə səylər vacibdir. İran dünyanın bütün ölkələrinə dostluq əli uzadıb və bütün ölkələrlə münasibətlərinin dostluq prinsipi əsasında qurulmasını istəyir. Ruhani ABŞ-ın Tehranda yenidən səfirlik açmasının mümkün olub-olmadığı haqda suala belə cavab verib: "Bu, mümkünsüz deyil. Hesab edirəm ki, ABŞ-ın Tehranda yenidən səfirlik açması mümkündür". Belə görünür ki, İran beynəlxalq təcrid siyasətindən çıxmağa çalışır. Bəs daxildə milli problemlərin həllində necə, molla rejimi başarılı ola biləcəkmi? İran dövləti milli problemləri həll etmək istəyirsə, öncə tarixi həqiqətləri qəbul etməli, xalqların birləşmək istəyini, millətlərin öz müqəddəratını həll etmək hüququnu tanımalıdır.

19-cu əsrdə tarixi bir ədalətsizlik baş verib.  Azərbaycan parçalanıb. 1924-cü ildə hazırkı İranı qurmuş azərbaycanlılar hakimiyyətdən salınıb. Bütün 20-ci əsr boyu azərbaycanlılara qarşı etnik diskriminasiya və asimilyasiya siyasəti aparılıb. Bu siyasət bu gün də davam edir. İran hakimiyyəti, hakim panfarsist dairələr Güney Azərbaycan məvhumunu ləğv ediblər, Tehranda, Həmədanda, İsfahanda, Qəzvində yaşayan türklərin farslaşmasına çalışırlar. İsfahanda və Qəzvində buna qismən nail olublar. Onlar istəyirlər ki, özünə türkəm deyən, Azərbaycanı bütöv görən toplum ancaq Təbriz və ətrafında qalsın. Qalan hamısı tədricən farslaşsın. İran təhsili panfarsist idealogiyanın təsiri altındadır. Təhsildə, ədəbiyyatda, mətbuatda fars dilinin total hakimliyi var. Onlar bu siyasəti davam etdirmək istəyirlər. Qeyri-fars dillərinə azadlıq versələr belə, bu yalançı başaldatmaq olacaq. Bir neçə il əvvəl Təbriz radiosu fəalliyyət göstərirdi. 30 dəqiqə Azərbaycan dilində veriliş verilirdi. Amma o verilişdə işlənən dil  o qədər bərbad idi ki, adam qulaq asmaq istəmirdi. Bilərəkdən belə etmişdilər ki, türklər öz dillərini sevməsin. Bu baxımdan molla rejiminin ortaya atdığı ideya səmimi deyil. Azərbaycan dilinə azadlıq verilərsə, türklü şüuru, bütöv Azərbaycan şüuru daha da intişar tapacaq, bu da panfarsizmə əlavə problemlər yaradacaq. 

Molla rejiminin qeyri-farslara münasibəti kökündən dəyişməlidir. 70 milyondan artıq əhalisi olan İranda, qeyri-rəsmi məlumata əsasən, 30 milyon azərbaycanlı, 8 milyon kürd, 5 milyon bəluç, 1.2 milyon ərəb və 100 min erməni var. İranda yaşayan qeyri-fars xalqlar arasında yalnız ermənilərin ana dilində məktəbləri mövcuddur.  İranda ermənilərə şamil olunan hüquqlar türklərə, bəluclara, ərəblərə və kürdlərə də aid edilməlidir. 40 milyon adamın ana dili olan türk dili İranın ikinci rəsmi dili elan edilməlidir. İranda yaşayan azərbaycanlılar latın qrafikalı əlifba ilə yazıb-oxumalıdırlar. Bunlar olmayacaqsa, "dil islahatı" görüntüdən başqa bir şey olmayacaq. Və Həsən Ruhaninin "islahatçı prezident" imicinin möhkəmlənməsinə xidmət edəcək.

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31