Məhbus azərbaycanlı fəal Təbrizin mərkəzi zindanına köçürülüb
23 Yanvar 2014 15:39 GüneyAzərbaycan milli kimliyi uğrunda apardığı dinc fəaliyyətinə görə 1 aya yaxındır İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsinin təcridxanasında saxlanan Hüseyn Əlizadə şəhərin mərkəzi zindanına köçürülüb. ""Media forum" saytının məlumatına görə, tutulduğu gündən azərbaycanlı fəalın işinə Təbriz prokurorluğunun 20-ci şöbəsində baxılsa da, sonradan onun işi insan hüquqlarını kobud şəkildə pozmaqda məşhur olan Həsən Haşımzadə adlı hakimə tapşırılıb. Hüseyn Əlizadənin həbs müddətində dindirilərkən müxtəlif psixi və fiziki işgəncələrə məruz qoyulduğu, ailə üzvlərinin onunla görüşünə icazə verilmədiyi bildirilir.
Hüseyn Əlizadə 2013-cü il dekabrın 24-də iş yerində tutulub. Onun konkret nədə günahlandırıldığı bilinmir. Hüseyn Əlizadənin həbsi Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında qurulmuş Azərbaycan Milli Hökumətinin (21 Azər hərəkatı) 68-ci ildönümü mərasimlərində fəal iştirakı ilə əlaqələndirilir.