İtkin düşmüş güneylidən 3 ildir xəbər yoxdur

Ailəsi isə gözləyir

Güney Azərbaycanda itkin düşən soydaşımızın atası İran hökumətindən kömək istəyib. 3 ildir harada olmasında xəbəri olmayan ata diş həkimi olan oğlu Əlirza Piri Dizəcinin Təbrizdəki evindən çıxıb işə getdiyini və bir daha geri qayıtmadığını deyir. Qeyri-rəsmi mənbələrdən verilən məlumata görə, Əlirza 2011-ci ilin yanvarında şəxsi avtomobilindən ETTELAAT-ın əməkdaşları tərəfindən həbs edilib. Atası bildirir ki, oğlu Əlirza 2009-cu ildə keçirilən prezident seçkisindən bu günədək ev dustağı olan Mir Hüseyn Musəvinin tərəfdarlarından və onun seçki kampaniyasının üzvlərindən biri olub. Əlirza Piri məhz 18 yanvar 2011-ci il tarixində Təbrizdə müəmmalı şəkildə yoxa çıxıb. Məsələ barədə atası, həyat yoldaşı və yaxınlarının İranın hüquq mühafizə orqanlarına etdikləri müraciət heç bir nəticə verməyib. Ata Məhəmməd Həsən Piri İran mətbuatına verdiyi müsahibədə də hökumətdən kömək istəyib: "Əgər oğlunun bir günahı varsa, qoca ata-anasının vəziyyətinə baxsınlar, onu əfv etsinlər, bağışlasınlar. Əgər hökümətə qarşı bir iş görübsə, qələt eləyib, mən də qələt eləmişəm. Onun ailəsinə, uşağına rəhm eləsinlər və mənim oğlumu azad etsinlər, gəlsin evinə. Biz daha bu dünyada yaşamaqdan doymuşuq". Valideyinləri, həyat yoldaşı, qızı və qardaşının hələ də gözləri yoldadı və həsrətlə Əlirzanın bir gün evə qayıdacağını və onlara qovuşacağını gözləyirlər. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31