İqtisadi böhran İranı zəiflədir

Ölkədə etirazlar artır

İranda ictimai-siyasi və iqtisadi gərginlik davam etməkdədir. Tehran rəsmiləri bu gərginliyi və ölkəyə tətbiq olunan iqtisadi sanksiyaları aradan qaldırmaq üçün müxtəlif vasitələrə əl atsalar da, hələlik müsbət nəticə müşahidə edilmir. Hakimiyyət hətta dövlət məmurlarının əmək haqlarını vaxtında ödəyə bilmir. Əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrin bir çoxu aylardır ki, işçilərin aylıq maaşlarını ödəməkdə çətinlik çəkir. Bu səbəbdən səkkiz aydır əmək haqqı ala bilməyən Təbriz Traktor Zavodu sənaye makinaları işçiləri Sənaye və Mədən Nazirliyinin Şərqi Azərbaycan şöbəsi önündə etiraz aksiyasi keçirərək gecikmiş maaşları, həmçinin sığorta haqlarını tələb ediblər. Bundan başqa  istehsalat xəttinin qapadılması ehtimalı üzündən yaranan qətiyyətsizlik işçiləri narahat edir. Şərqi Azərbaycan vilayətinin məsul dairələrinin məsələyə laqeyd yanaşması da işçiləri etiraz aksiyasina vadar edib. Maraqlıdır ki, ölkədə baş verən iqtisadi böhran İranın ayrı-ayrı strukturlarını bir-birini ittiham etməsinə yol açıb. Belə ki, Əmək Koalisiyasının katibi problemlərin hökumət tərəfindən yürüdülən yanlış siyasət nəticəsində ortaya çıxdığını qeyd edib. Milli Dirçəliş Hərəkatı Partiyası Güney Azərbaycan Departamentinin yaydığı məlumatda da bildirilir ki, buna bənzər etirazlar İranın başqa şəhərlərində də baş verib. Son bir ildə isə ölkədə işsizlərin sayı kifayət qədər artıb. Ölkədə aztəminatlı ailələr yoxsulluq həddində yaşayırlar. Ərzaq mallarının qiymətlərində ifrat dərəcədə bahalaşma, işsizlik səviyyəsinin yüksəlişi kirayədə yaşayan ailələr üçün daha da acınacaqlı vəziyyət yaradıb. Yaşadıqları  evlərin kirayə haqqını ödəyə bilməyən ailələr bu soyuq qış aylarında küçələrdə və parklarda ağır durumda yaşamağa məcbur olurlar. Nəticədə ölkədə oğurluq və digər cinayət hallarının sayı ötən illərə  nisbətən çoxalıb, həmçinin intihar edənlərin sayında da ciddi artım müşahidə olunmaqdadır. Xatırladaq ki, bütün bunların fonunda İran rejimi gizli və aşkar yollarla neft məhsullarının ixracını davam etdirir. Lakin həmin mənbələrdən əldə olunan maliyyənin hara və necə xərcləndiyi məlum deyil. Bəzi mənbələr qeyd edir ki, Tehran rejimini iqtisadi blokadadan çıxarmağa çalışan qarabazar dəllalları var ki, İran onların vasitəsilə neft məhsullarını dəyər-dəyməz qiymətə sataraq həmin pulları rejimin bir qrup adamları arasında bölüşdürür. Həmin pulların bir qismi terror şəbəkələrinə, qalanı isə öz şəxsi hesablarına yatırılır. Məlumata görə  İran son aylar ərzində neftin satışından 40 milyard dollara yaxın gəlir əldə edib. Bunu İranın neft naziri Bijən Namdar Zəngənə də təsdiqləyib.  Onun sözlərinə görə, 2013-cü ildə maye qazların satışında əvvəlki illə müqayisədə artım qeydə alınıb. Biyən Namdar Zəngənə deyib ki, İranın neft-kimya məhsullarının illik dəyəri 20 milyard dollardır: İran neft-kimya sahəsində 7 il içərisində yatıracağı 75 milyard dollarlıq sərmayə ilə bu rəqəmi 20 milyarddan 70 milyard dollara çıxarmağı qarşısına məqsəd qoyub. Nazir vurğulayıb ki, İran 2014-cü ildə gündəlik orta hesabla 1,4 milyon barel neft və maye qaz satışını həyata keçirmək niyyətindədir.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31