Güneydə etiraz kampaniyası: 25 nəfər tutulub
8 Yanvar 2014 16:48 GüneyTəbrizin "Tiraxtur" futbol komandasının 25 nəfər azarkeşi tutulub. "Media forum" saytının məlumatına görə, azarkeşlərin kütləvi şəkildə tutulmasına onların komandanın baş məşqçisi postunda edilən dəyişikliklə əlaqədar etiraz kampaniyasına başlamaları səbəb olub.
"Tiraxtur" futbol komandasında Toni Oliveyra baş məşqçi vəzifəsindən azad edilib, yerinə Məcid Cəlali gətirilib. Məcid Cəlali İran İnqilab Keşikçiləri Korpusuna ("Sepah") yaxın şəxs kimi tanınır. "Tiraxtur"un bəzi azarkeşləri komanda rəhbərlərinin, eləcə də Məcid Cəlalinin mobil telefon nömrələrini ictimaiyyət arasında yayaraq vətəndaşları bu telefonlara ismarış göndərib yeni təyinata etiraz bildirməyə çağırıblar. Həbslər də buna görə həyata keçirilib. Azarkeşlərdən 19 nəfəri Təbrizdə, 6 nəfəri isə Urmiyada tutulub. Onların hazırda harada saxlandığı bilinmir. Təbrizdə tutulan azarkeşlərin adları: Yaşar Səadəti, Salar Səadəti, Milad Bağban Əhəri, Məhəmmədrza Nuri, Elman Xorsəndi, Ruzbeh Nuhpur, Əli Tacirbaşı, Nasir Çitsaz, Babək Məhəmmədzadə, Əli Əhədzadə, Nəriman Lütfipur, Ehsan Nəsiri, Əli Mehrizad, Əli Mirzadə, Əhəd Nacizadə, Yunis İmani Qaramələki, Əmirəli Paşayi, Nadir Məhəmmədi, Möhsün Nadizadə. Urmiyada tutulan azarkeşlərin adları: Meysəm Heşmətiyani, Əlirza Dindari, İsmayıl Rəsulzadə, Pedram Paşazadə, Hadi Tağızadə, Məhəmməd Purşərif.