Əli Səmədpurun səhhəti ağırlaşıb

Azərbaycan milli kimliyi uğrunda apardığı dinc mübarizəyə görə İranın Sərab şəhərindəki zindanda həbsdə saxlanan Əli Səmədpurun səhhəti ağırlaşıb.  "Media forum" saytının məlumatına görə, ardıcıl baş ağrısından və qan təzyiqindən əziyyət çəkən Əli Səmədpurun şəhər xəstəxanasında təcili müalicəyə ehtiyacı olsa da, həbsxana rəhbərliyi buna imkan vermir. Azərbaycanlı fəalın səhhətinin getdikcə pisləşməsi İrandakı hüquq müdafiəçilərinin nigaranlığına səbəb olub.

İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Sərab şöbəsinin əməkdaşları Əli Səmədpuru milli zəmində fəaliyyətinə görə 2012-ci ilin iyununda tutub. O, iki aya qədər ETTELAAT-ın Sərabdakı bölməsinin təkadamlıq kamerasında saxlanıb, təzyiq və işgəncələr altında dindirilib. Sərab zindanına köçürüləndən bir müddət sonra isə Əli Səmədpur mülk girovu qarşılığında müvəqqəti azadlığa buraxılıb. Sərab məhkəməsi Əli Səmədpuru sistemə qarşı təbliğat aparmaqda, mobil telefonuyla göndərdiyi lətifə xarakterli bir ismarışla ölkənin dini lideri ayətullah Əli Xamneyini təhqir etməkdə təsirli bilərək 2 il müddətinə azadlıqdan məhrum etdikdən sonra azərbaycanlı fəal yenidən həbsə salınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31