İranda həbs olunan soydaşlarımız yoxa çıxıb
23 İyul 2013 18:12 GüneyBütöv Azərbaycan Ocaqları beynəlxalq təşkilatlar və xarici ölkə səfirliklərinə müraciət eqib. Müraciətdə deyilir ki, İranda yaşayan, sayı 35 mln-dan çox olan yerli Azərbaycan türklərinin pozulan milli-mədəni haqları uğrunda mübarizə aparmaq məqsədiylə yaradılmış Güney Azərbaycan Milli Oyanış Hərəkatı(GAMOH) təşkilatının Mərkəzi Komitəsinin 5 üzvü bir neçə ay öncə ETTELAAT əməkdaşları tərəfindən əsassız olaraq saxlanılıb. Ağır fiziki və mənəvi təzyiqlərə məruz qalan MK üzvləri 2013-cü ilin may ayında hökumətə qarşı təbliğat aparmaq və qanunsuz təşkilat yaratmaqda təqsirli bilinərək ədalətsizcəsinə hərəsinə 9 il müddətinə olmaqla azadlıqdan məhrum ediliblər. Təbriz İnqilab Məhkəməsinin III Şöbəsinin hakimi Baqirpur tərəfindən verilən bu qərarı apelyasiya məhkəməsi də əsassız olaraq qüvvədə saxlayıb. MK üzvləri bu qərara etiraz əlaməti olaraq 13 iyul, 2013-cü il tarixindən həbsxanada aclıq aksiyasına başlayıb. Aclıq aksiyasını davam etdirən məhbusların 5-i də 20 iyul 2013-cü il tarixindən Təbriz həbsxanasından çıxarılıb və naməlum yerə aparılıb: "Ümid edirik rejim tərəfindən milli fəallara qarşı aparılan bu amansız siyasət beynəlxalq təşkilatların bu məsələdə nəhayət ki, konkret mövqe ortaya qoymasına, mümkün sivil vasitələrlə İran rejiminə təzyiq göstərməsinə, Azərbaycan türklərinin haqq işinə dəstək verməsinə səbəb olacaq".