“Güney Azərbaycana dəstək artırılmalıdır”
Xəzər Teyyublu: “Ana dilinə qoyulan qadağaların götürülməsi soydaşlarımızın siyasi və mədəni azadlıqlarının təmin olunmasına təkan verəcək”
25 İyun 2013 17:41 GüneyGüney Azərbaycanda "Türk dilinə qoyulan qadağalara yox deyək" adlı imza toplama kampaniyası keçirilir. Kampaniyanın keçirilməsində əsas məqsəd İranda yaşayan azərbaycanlıların ana dilində danışmasına dəstək qazanmaq və qoyulan qadağanı aradan götürməkdir. Məsələyə münasibət bildirən KXCP sədrinin müavini Xəzər Teyyublu "Olaylar"a deyib ki, Güney Azərbaycan mövzusu həmişə mühüm bir problem kimi gündəmdə olub və zaman-zaman Quzey Azərbaycanda da Güneyə dəstəklər nümayiş etdirilib: "Bu gün də var, sabah da olacaq, bu dəstəklər o vaxta qədər davam edəcək ki, Güney Azərbaycan türklərinin siyasi, mədəni azadlıqları təmin olunacaq. Həqiqətən də Güney Azərbaycanda yaşayan soydaşlarımıza da İranda yaşayan digər etniklər kimi müəyyən azadlıqlar verilməlidir. Güney Azərbaycana dəstək üçün dünyada yaşayan 60 milyona yaxın azərbaycanlı birlik nümayiş etdirməlidir. Güney Azərbaycan türklərinin İran əhalisinin böyük hissəsini təşkil etməsinə baxmayaraq soydaşlarımızın ana dilində danışmasına ciddi qadağalar var. Bu məsələlər ciddi narahatlıqlar doğurur. Əlbəttə ki, vəziyyətin daha da yaxşılaşdırılması üçün daha yüksək səviyyədə dəstək verilməsi lazımdır. Ana dilinə qoyulan qadağaların götürülməsi Güney Azərbaycan türklərinin siyasi və mədəni azadlıqlarının təmin olunmasına təkan verəcək. Ona görə də Güney Azərbaycan probleminin Quzeydə qabardılması vacibdir". ("OLAYLAR" İA)