İranda prezident seçkiləri: islahatçı namizəd irəlidədir

12 091 699 səs artıq hesablanıb, Həsən Ruhaniyə 6 049 655 seçici səs verib

İranın Daxili İşlər Nazirliyi (DİN) ölkədə prezident seçkilərində səsvermənin nəticələrini yeniləyib. Məlumata görə, islahatçı namizəd Həsən Ruhani liderliyini davam etdirir. Məlumata əsasən, ölkənin 14 603 seçki məntəqəsində (ümumilikdə 58 764 seçki məntəqəsi) 12 091 699 səs artıq hesablanıb.

Statistikaya əsasən, Həsən Ruhani 6 049 655 səslə liderlik edir. Sonrakı yerləri müvafiq olaraq, Baqir Qalibaf (1 844 463 səs), Möhsin Rzayi (1 518 964 səs), Səid Cəlili (1 400 712 səs), Əli Əkbər Vilayəti (729 044 səs) və Məhəmməd Qərəzi (143 301 səs) tuturlar.

Həsən Ruhani 1999-cu ildən Ekspertlər Şurasının üzvü, 1991-ci ildən Məqsədəuyğunluq Şurasının üzvü, 1989-cu ildən Ali Milli Təhlükəsizlik Şurasının üzvü olub, 1992-ci ildən isə Strateji Araşdırmalar Mərkəzinin direktoru vəzifəsini tutub.
Ruhani, həmçinin 1989-2005-ci illər ərzində İslam Məsləhət Şurasının vitse-spikeri və Ali Milli Təhlükəsizlik Şurasının katibi olub.

*** 12.17

İranın Daxili İşlər Nazirliyi (DİN) ölkədə prezident seçkilərində səsvermənin nəticələrini yeniləyib. Trend-in Tehrandakı xüsusi müxbirinin verdiyi məlumata görə, islahatçı namizəd Həsən Ruhani liderliyi davam etdirir. İran vaxtı ilə saat 10:30-a olan məlumata görə, ölkənin 14 603 seçki məntəqəsində (ümumilikdə 58 764 seçki məntəqəsi) 8 319 768 səs artıq hesablanıb.

Statistikaya əsasən, Həsən Ruhani 4 125 032 səslə liderlik edir. Sonrakı yerləri müvafiq olaraq, Baqir Qalibaf (1 341 947 səs), Səid Cəlili (1 056 327 səs), Möhsin Rzayi (902 121 səs), Əli Əkbər Vilayəti (521 097 səs) və Məhəmməd Qərəzi (104 214 səs) tuturlar.

*** 10.40

İslahatçı namizəd Həsən Ruhani səsvermənin ilkin nəticələrinə görə, İran prezidenti seçkilərində liderlik edir.
İranın Daxili İşlər Nazirliyinin bəyanatına əsasən, ölkənin 5 876 seçki məntəqəsində 3 024 434 səs artıq hesablanıb. 1 459 998 seçici Ruhaniyə səs verib.

İkinci yerdə Tehranın meri Məhəmməd Baqir Qalibaf, 487 549 səslə qərarlaşıb.

Səid Cəlili 383,820 səslə üçüncü yerdə yerləşib.

Möhsün Rzayi və Əli Əkbər Vilayəti dördüncü və beşinci yerlərdə 13% və 7% səslə müvafiq olaraq yerləşiblər.
Müstəqil namizəd Məhəmməd Qərəzi, 2 faiz səs toplamaqla sonuncudur.

İran prezidenti 4 il müddətinə seçilir.

Təqribən 50,5 milyon iranlının prezident seçkilərində səs vermək hüququ var. Digər dövlətlərdə yaşayan İran vətəndaşları İranın həmin ölkələrdəki səfirliklərində açılan məntəqələrdə səs verə bilərlər. İyunun 14-də keçiriləcək prezident seçkilərinin əsas nəticələrini İranın Daxili İşlər Nazirliyi elan edəcək, sonra isə Keşikçilər Şurası təsdiq edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31