Millətin qutsalına toxunanlar...

Onların dünyagörüşü xətalıdır

Sosial şəbəkələrdə "Babək kimdir:xainmi, qəhrəmanmı", "Şah İsmayıl Xətai türk qəhrəmanı, yoxsa bölücü" mövzularında müzakirələr davam edir. Bu mövzu adətən, bir-iki nəfər axının əksinə üzüb gündəmdə qalmaq istəyən psevdoaraşdırıcının növbəti yazı və ya açıqlamasından sonra gündəliyə gəlir. Babək və Şah İsmayıl mövzularında adətən Mənuçöhr Cavanşir (Güntay Gəncalp) və deputat Fazil Qəzənfəroğlu yazır. Bu şəxslərin hər ikisi millətçi olub. Güntay Bakıdan Avropaya mühacirət edəndən sonra "islam xilafəti" ideyasının təsirinə düşüb və Azərbaycan tarixinə ümumislam düşüncəsində yanaşmağa başlayıb. Bi zamanlar millətçi olan Fazil Mustafa dindarlığa başlayandan, sünniliyi qəbul edəndən sonra osmanlıçı, gülənçi mövqedən çıxış etməyə başlayıb. Bəzən millətçi onlara tolerant yanaşmağı tövsüyyə edir, "biz demokratik dövlət qururuqsa, əks fikrə də dözümlü olmalıyıq" deyirlər. Onlara münasibətdə milliyyətçi cameə onsuzda dözümlüdür. Onlara hələ bu günə qədər güldən ağır söz deyən olmayıb. Ancaq düşünürəm ki, deməyin zamanıdır. Hər iki şəxs çox ciddi xətaya yol verir. Fazil Mustafa Babək hərəkatına, Xətai islahatlarına ümumislam nöqteyi nəzərindən yanaşmaqda həm ideoloji və həm də elmi səhvə yol verir. Onun "Biz Oğuz türküyük, oğuzlar İran və Azərbaycana 11-ci əsrdə gəlibsə, 9-cu əsrdə yaşamış Babəkin bizə nə aiddiyyatı" fikri kökündən səhvdir və tarixşünaslıqda bədnam İqrar Əliyev xəttinə tam uyğundur. Onun və Güntayın "Yeni Osmanlıçı" düşüncə tərzi ilə "Şah İsmayıl türk-islam dünyası"nı böldü, irançılığa, fars kültürünə xidmət etdi" fikri də yanlışdı. Qəribədir, farsca şeirlər yazan, ərəb kültürünü yayan Sultan Səlim "türkçülüyə", ancaq türkcə yazıb yaradan, türkçəni dövlətin rəsmi lisanına çevirmiş Şah İsmayıl  farsçılığa xidmət edirdi? Demokratik mühitdən sui-istifadə edib millətin minillərlə yaratdığı dəyərlərə xor baxan adamlara daha sərt cavab verməyin zamanıdır. Kim milli xəttə dönük çıxıb Mötəsimin dəyərlərini qəbul edibsə, bu onun öz işidir. Daşıdığı xatalı dünyagörüşü bu xalq sırımağa haqqı yoxdur. Kim milli yoldan sapıb mollalıq eləmək eşqinə düşübsə, evinin bir hücrəsində eləsin. Namazın qılsın, orucun tutsun, din dərslərini öz  balalarına versin. Millətin övladları ilə işi olmasın. Fazil Musatafa mömin müsəlman olub, sünni namazına başlayıb, yaxşı edib. Özü bilər. Azərbaycanda vicdan azadlığı var və bizim hər kəsin inancına sayğımız var. Ancaq dini inanclılar da millətin inancına, qutsalına, dəyərlərinə sayğı ilə yanaşmağa borcludurlar. Fazil Mustafa əyyaş Mötəsimin dəyərlərini daşıyırsa, milyonlarla Azərbaycan türkü Babəkin dəyərlərini, ideyalarını daşıyır. Bir də ki biz müstəqil olduq, məsələ bitdimi? Nə qədər ki Azərbaycan tarixi torpaqlar çərçivəsində bütövləşməyib Babək, Xətai mövzularına mənfi aspektdə baxışı  kənara qoymaq lazımdır. Milləti dəyərsiz, qəhrəmansız qoymaq olmaz. Bundan sonra Babəkə, Xətaiyə toxunan millətin qutsalına toxunmuş sayılmalıdır! Babək  Azərbaycan türklərinin istibdada qarşı dirəniş simvoludur. Şah İsmayıl türk dilinin qoruyucusu, xilaskarı kimi böyük dəyərə malikdir. Özünə ziyalı deyən bunu anlamalıdır.

Elman Cəfərli
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31