“Babək müsəlmanların rahat yaşadığı Azərbaycan uğrunda vuruşub”
Erkin Qədirli: “Onun Xilafətə qarşı müharibəsinə də bu cür baxmaq gərəkdir”
19 Yanvar 2015 12:26 Güney"Babəkin İslama qarşı vuruşduğu iddiası ciddi əsasdır". "Olaylar"ın məlumatına görə, belə bir fikirlə "Real" Hərəkatı İdarə Heyətinin üzvü Erkin Qədirli çıxış edib. "Təcavüzkarın, işğalçının aydın ideoloji kimliyi olanda, işğala qarşı mübarizədə əks-ideoloji alətlərdən istifadə etmək - çox təsirli səfərbərlik tədbiridir. Odur ki, Babəkin İslama qarşı çağırışlarında dərin ideoloji məna axtarmağı doğru saymıram. Əks təqdirdə, gələcəyi aydın görə bilməyəcəyik. "Dini müharibələr" ifadəsini hərfi mənada qavramaq doğru deyil. Müharibələr, ideoloji ziddiyyətlərdən deyil, coğrafi zərurətlərdən, maraqların toqquşmasından, geoplitik təhlükələrdən, sərvətlər uğrunda mübarizələrdən və s. doğur. Din burada sadəcə alətdir. Babəkin Xilafətə qarşı müharibəsinə də bu cür baxmaq gərəkdir. Xilafətin çox aydın ideoloji kimliyi vardı - İslam. Xilafət burada təcavüzkar tərəfdi. Müdafiədə səfərbərliyi təmin etmək üçün, Babək İslama qarşı çağırışlar etməyə məcburdu. Xürrəmilik bu mənada ən çatımlı və asan alətdi. Başqası olsaydı, ondan istifadə edərdi. Unutmayın, Babək Xilafətlə akademik mübahisə aparmırdı. İndiki dildə desək, özünü-müdafiə savaşına rəhbərlik edirdi. Əlinin altında olan resurslardan istifadə etməliydi. Müdafiənin təşkil olunduğu coğrafiyada resursları, xüsusilə insan resurslarını səfərbər etmək üçün İslama qarşı çıxmaq gərəkirdisə, buna gedilməliydi. Hərbi baxımdan bunun orası-burası yoxdur" - deyə E.Qədirli qeyd edib. O, hesab edir ki, "Babək İslama qarşı vuruşub" deməklə, gələcəyə baxışlarımızı pozmuş oluruq: "Bu azmış kimi, bugünün özündə barışmaz ziddiyyətlər yaradırıq və beləliklə, cəmiyyətimizi zəiflədirik. "Babək İslama qarşı vuruşub" ifadəsində, bugünun gözüylə baxanda, vurğu tamam başqa və çox təhlükəli yerə düşür. Nəticədə, müsəlmanlar Babəki inkar edəcək, şərti desək, millətçilərlə mənasız mübahisələrə səbəb olacaqlar. Azərbaycanın gələcəyi üçün millətçilərlə dindarların mübahisəsi potensial təhlükələrlə doludur. 1920-ci ildə bolşeviklər bu mübahisələrdən istifadə etmişdi. Nəticəsini bilirsiniz. Azərbaycanın gələcəyi üçün millətçiliklə dindarlığın barışı nəinki mümkündür, həm də xeyli asandır. Odur ki, buraxın bu "Babək İslama qarşı vuruşubmu?" sualını. Unudun, demədim. Buraxın, dedim. Fakt olaraq vuruşub, amma bu, dəyərlər davası deyildi, işğala qarşı mübarizə olmuşdu. Babək, bugün müsəlmanların rahat yaşadığı Azərbaycan uğrunda vuruşub. Gələcəyə daşıya biləcəyimiz məna budur".