Biz kimdən yanayıq???
Qəhrəman Babəkdən, ya əyyaş Mötəsimdən
16 Yanvar 2015 13:50 GüneyMəşədi Cəfər
Babək müzakirələri bir nüansı üzə çıxardı: adamlarımız öz şeyi, hətta tarixi də öz inancına, əqidəsinə uyğunlaşdırmağa çalışırlar. Fazil Mustafa o gün facebookda guya qarğış edib: "Mən bu vətənşüvənlərər Babək kimi yaşamağı arzu edirəm". Hoca əfəndi hesab edir ki, Babəkin tərzi-həyatı rəzil, ancaq onun düşmənləri olan Abbasi xəlifələrinin həyat tərzi ideal olub. Fazil Mustafa Babək haqqında ərəb saray səlnaməçilərinin yazdıqlarından kənara çıxa bilmir. Onlar Babəki əyyaş, xürrəmiləri isə "pozğun kütlə" adlandırırdılar. Fazil hoca deyir ki, Babəkin söylədiyi "Bir gün azad yaşamaq, 40 il boyunduruq altında inləməkdən daha üstündür" sözləri də uydurmadır, o belə bir söz deməyib. Lap deyibsə də, onun "azad" ifadəsi əyyaşlığı, pozğunluğu ehtiva edir. Əslində ərəblərin uydurduğu "ilin bir gecəsi" söhbəti Novruz bayramına işarədir. İndinin özündə sələfi ərəblər Novruz bayramını qeyd etmir. 7-9-cu əsrlərdə islamiyyətin ilk illərində ərəblər Novruzu ümumiyyətlə yasaq etmişdilər. Ortodoksal ərəb zehniyyəti Novruzu keçirən, qədim inancları, mədəniyyəti olan bir toplumu başqa necə aşağılaya bilərdilər ki?
Fazil əfəndi deyir ki, Babəkin Azərbaycana aidiyyatı yoxdur. Babək fars-iran hadisəsidir. Bizim xalq Babəkin deyil, Mötəsimin dəyərlərini daşıyır. Əvvəla, 30 ildən çox bir müddətdə Azərbaycanın göbəyində davam etmiş bir hərəkatı "Azərbaycana aid etməmək" kafadan sakatlığa dəlalət edər. Bəzz qalası Güney Azərbaycanın Qaradağ vialyətinin Kəleybər şəhəri yaxınlığındadır. Babək özü Xorasan türküdür. Ərəb müəllifləri özləri "Babəkin ölkəsi", "Azərbaycan" ifadəsi işlədirlər. Fazil əfəndi deyir ki, Azərbaycan 1918-ci ildən işlənməyə başlayıb. Mötəsimin dəyərlərinə gəlincə, onu dayıyan İŞİD-dir, Azərbaycandakı sələfilərdir. O taylı bu taylı Azərbaycanın 90 faizi Babəkin dəyərlərini daşıyır. Bu dəyərlər Babəkin də deyildi. Azərbaycan xalqının minillərlə yaratdığı dəyərlər idi. Mannada, Midiyada, Aranda yaranmışdı. Babək bir cəsur əsgər olaraq bu dəyərlərin qoruyucusu idi. Biz əyyaş Mötəsimin dəyərlərini daşısaydıq, Azərbaycan indi Əfqanıstanın günündə idi. Nəhayət, Babək Mötəsimdən fərqli olaraq döyüşləri muzdlu türk ordu komandanlarının hesabına udmurdu. Tuluğda zeytun yağı satan bir kişinin övladı böyük bir sərkərdə, dövlət başçısı idi. Üstəlik, Mötəsim kimi əyyaş, yaramaz da deyildi. Babək əqidəsi və inancı yolunda doğransa da, ərəb imperatoruna boyun əymədi. Elə buna görə də o bir dəyərdir! Təkcə Azərbaycan türklərinin yox, bütün azadlıqsevər insanların dəyəridir. Və nəhayət, Babək vətənin hər iki tayına lazımdır. Nə qədər ki torpaqlarımız işğal altındadır, azsaylı qüvvə ilə böyük bir imperiyanın ordularına qalib gəlmiş Babək və onun qəhrəman əsgərləri təbliğ olunmalıdır. Nə qədər ki, paraçalanmış vətən birləşməyib, Babək Güney üçün də azadlıq simvoludur.