Gündəm

Prezident İlham Əliyev: "Azərbaycana qarşı böhtan kampaniyasının məqsədi güclənən ölkəmizin potensialından öz maraqları üçün istifadə etməkdir"

15 Sentyabr 2017 16:36

Bizə qarşı müntəzəm olaraq müxtəlif kampaniyalar - qarayaxma, böhtan, şər kampaniyaları aparılır. Bunu Bakının Yasamal rayonundakı Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin yeni inşa edilmiş binasının açılışından iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev məktəbin müəllim və şagird kollektivi ilə görüşündə deyib. Dövlətimizin başçısı qeyd edib: "Biz 25 ildən çoxdur ki, müstəqil ölkə kimi yaşayırıq, öz hesabımıza yaşayırıq, heç kimdən asılı deyilik. Baxmayaraq ki, bizə qarşı müntəzəm olaraq müxtəlif kampaniyalar - qarayaxma, böhtan, şər kampaniyaları aparılır. Bunların da məqsədi aydındır: Azərbaycanı ləkələmək, Azərbaycanı öz iradəsinə ram etmək və ondan sonra güclənən Azərbaycanın potensialından öz maraqları üçün istifadə etmək. Biz isə buna imkan vermirik və möhkəm dayanmışıq, milli maraqlarımızı qoruyuruq. Ona görə də müntəzəm olaraq müxtəlif xarici dairələrin atəşinə məruz qalırıq. Amma bu bizi heç vaxt yolumuzdan döndərə bilməz. Biz haqq yolundayıq".

Azərbaycan BMÜTT-nin İcraiyyə Şurasının 2017-2021-ci illər üçün yenidən üzvü seçilib

15 Sentyabr 2017 16:25

BMÜTT-nin 22-ci Baş Assambleyası çərçivəsində keçirilmiş Avropa Komissiyasının iclasında seçkilər baş tutub. “OLAYLAR”-ın xəbərinə görə, BMÜTT-nin İcraiyyə Şurasına Avropa regionundan 5 ölkə - Azərbaycan, Rumıniya, Rusiya Federasiyası, Yunanıstan və Litva üzv seçildi və Baş Assambleyanın qərarı ilə üzvlük təsdiqlənib. Qeyd etmək istərdik ki, ölkəmiz 2013-2017-ci illərdə Şuranın üzvü olmuşdur, 2017-ci ildə isə Şuraya sədrlik edir. Ölkəmizin son illərdə turizm sahəsində uğurları və Şurada səmərəli fəaliyyəti nəticəsində ölkəmizin növbəti dövr üçün namizədliyi səsvermə zamanı dəstəklənmişdir. Bu mühüm uğur ölkə başçısı, cənab Prezident İlham Əliyevin turizm sahəsinə və beynəlxalq əməkdaşlığa göstərdiyi daimi diqqətin nəticəsində dövlətimizin əldə etdiyi beynəlxalq ictimaiyyətin etimadının göstəricisidir.

Odlar Yurdu Universitetində “Bilik Günü” keçirildi

15 Sentyabr 2017 16:15

Odlar Yurdu Universitetində 15 sentyabr-“Bilik günü”nə həsr edilmiş tədbir keçirilib. Tədbirdə universitetin müəllim və tələbə heyəti, valideynlər iştirak ediblər. İlk öncə çıxış edən Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyev onları “Bilik günü” və yeni dərs ilinin başlaması münasibəti ilə təbrik edib. Çıxışına Ümummilli lider Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” fikri ilə başlayan rektor qeyd edib ki, Azərbaycanda təhsil sahəsinə dövlət səviyyəsində hər zaman böyük diqqət və qayğı göstərilir. O, qeyd edib ki, Azərbaycanın davamlı inkişaf strategiyasında təhsili ən vacib amillərdən biri kimi müəyyənləşdirən Prezident İlham Əliyev bu sahənin inkişafına xüsusi olaraq diqqət göstərir. Yeni təhsil ocaqlarının inşa edilməsi, köhnələrinin təmir edilərək ən müasir standartlara uyğun şəkildə yenidən qurulması, təhsil işçilərinə, elm adamlarına göstərilən dövlət qayğısı bunun əyani sübutudur.

Ekspert: ""Azəri-Çıraq-Günəşli" üzrə yeni saziş Azərbaycanın iqtisadi stabilliyinin təsdiqidir"

15 Sentyabr 2017 16:13

"Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunun işlənməsi üzrə yeni sazişin imzalanması Azərbaycanın iqtisadi stabilliyinin təsdiqidir. Bunu  "Baku Network" Ekspert şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov deyib. O qeyd edib ki, bu sazişə Azərbaycanın neft siyasətinin davam etməsində maraqlı olan ölkələr imza atıb. Ekspertin sözlərinə görə, bu onu ifadə edir ki, beynəlxalq maliyyə təşkilatları tam əminliklə Azərbaycanla əməkdaşlığı davam etdirə, ölkəyə kreditlər ayıra bilərlər.

Türkiyənin 25 minlik ordusu bu ölkəyə daxil olur

15 Sentyabr 2017 16:11

Türkiyə hərbçilərinin mülki şəxsləri qorumaq üçün Suriyanın İdlib şəhərində hansı ərazilərə yerləşəcəyi Astanada keçirilən görüşdə dəqiqləşib.  Qazaxıstanın paytaxtı Astanada təşkil edilən Suriya böhranı üzrə görüşlərin 6-cı turunda İdlib şəhərinin aqibəti ilə bağlı önəmli qərar qəbul edilib. Türkiyə mətbuatı yazır ki, ABŞ-ın "əl-Qaidə"yə qarşı mübarizə" adı altında hücuma hazırlaşdığı şəhərdə təhlükəsizliyi Türkiyə, Rusiya, həmçinin İrandan dəstək alan Suriya hökuməti silahlı birləşmələri təmin edəcək. Görüşdə uzun müddətdir Suriya ilə sərhəddə əməliyyata hazırlıq görən Türkiyə hərbçilərinin İdlibdə hansı ərazilərə yerləşəcəyi də dəqiqləşib. Belə ki, bu ay ərzində keçirilməsi planlaşdırılan əməliyyatla Türkiyə hərbçiləri Hatay vilayətinin Yayladağı və Reyhanlı rayonlarından Suriya ərazisinə daxil olaraq İdlibin 35-50 kilometrliyinə qədər irəliləyəcəklər.

Oyuncaq tapançalı tələbə öldürlüdü: onu polislər güllələdilər

15 Sentyabr 2017 16:07

31 yaşlı Migel Riçards Nyu-Yorkun Bronks səmtindəki mənzildə, yataq otağında güllənərək ölümcül yaralanıb. O, aparıldığı hospitalda keçinib. M.Riçardsı Nyu-York Şəhər Polis Departamentinin əməkdaşları, polis zabitləri güllələyiblər. Olayı polislərin üzərindəki kameralar çəkib. Nyu-York merinin göstərişi ilə polislər belə videokameralarla təchiz olunublar. Kadrlardan da görünür ki, üç polis zabiti Migel Riçardsa dəfələrlə müraciət edərək təslim olmasını, əlindəki silahları yerə atmasını istəyir. Riçards tabe olmadığına görə polislər atəş açıblar.

Fərdi uçot sistemində 146 329 nəfər şəxs qeydiyyata alınıb

15 Sentyabr 2017 16:05

Sistemdə fərdi şəxsi hesabı olanların sayı 3 milyon 520 min nəfərə yaxındır Cari ilin yanvar-avqust aylarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində əlavə olaraq 146 329 nəfərə fərdi şəxsi hesab açılıb. Bu da ötən ilin müvafiq dövrü (128 964 nəfər) ilə müqayisədə 13,5 faiz çoxdur. Beləliklə, 01 sentyabr 2017-ci il tarixə sistemdə qeydiyyata alınan sığortaolunanların sayı ötən ilin müvafiq dövrü (3 309 118 nəfər) ilə müqayisədə 6,4 faiz artaraq 3 milyon 519 min 886 nəfərə çatıb.

Kürdə batmış uşağın meyiti on gündən sonra tapıldı

15 Sentyabr 2017 16:03

On gün əvvəl Kürdə batan şəxsin meyiti tapılıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, sentyabrın 6-da Kür çayının Yevlax rayonu ərazisindən keçən hissəsində batdığı ehtimal edilən 2011-ci il təvəllüdlü Hətəmzadə Orxan Fəxrəddin oğlunun axtarışları başa çatıb. O.Hətəmzadənin cəsədi sentyabrın 15-də Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

“Telman, axı sənin prokurorluqda adamların var...”

15 Sentyabr 2017 16:02

Xəbər verildiyi kimi ötən gün Moskvada azərbaycanlı oliqarx-keçmiş milyarder Telman İsmayılova məxsus cəmi 12 obyektdə-mənzillərdə, villalarda və ofislərdə axtarış aparılıb. Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə bu axtarışın Telman İsmayılovun təşkil etdiyi sifarişli qətllərlə bağlı olduğunu deyiblər. Vəkili Aleksandr Dobrovinski bildirib ki, o, axtarışlar barədə telefonla Telman İsmayılovu məlumatlandırıb və o, “şoka düşüb”. Telman İsmayılovun qardaşı Rafiq İsmayılov 2016-cı ilin mayında keçmiş ortağı Vladimir Savkinin və təsadüfən həmin gün onun yanında olan tanışı Yuri Brilyovun qətlini təşkil etməkdə ittiham olunur. Biznesmen bu qətldən bir neçə ay sonra həbs olunub. Rafiq İsmayılov Savkinlə şərik ticarət mərkəzinin sahibi olub. Daha sonra onların ortaqlığı pozulub və İsmayılov obyekti 11 milyon dollara satıb. Bu puldan 5.5 milyon dolları Savkinə çatmalı idi.

Fransa XİN: “Azərbaycan Cənubi Qafqaz regionunda Fransanın aparıcı tərəfdaşıdır”

15 Sentyabr 2017 16:00

"Azərbaycan Cənubi Qafqaz regionunda Fransanın aparıcı tərəfdaşıdır". Bu barədə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuanın Azərbaycana səfəri ilə bağlı bu ölkənin XİN-in yaydığı bəyənatda bildirib. Bəyanatda qeyd olunub ki, Fransanın enerji mənbələrin təminatı və Avropa ilə Asiyanı birləşdirdiyi təchizat marşrutlar üzərində yerləşən Azərbaycan bu regionda özünəməxsus mövqeyə malikdir.

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı bölgədə təbii artım kəskin azalıb

15 Sentyabr 2017 15:56

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Kvemo Kartli bölgəsində təbii artımın kəskin azalması qeydə alınıb. Gürcüstanın Milli Statistika İdarəsi xəbər verir ki, cari ilin yanvar-iyun aylarında bölgədə əhalinin təbii artımı 336 nəfər təşkil edib ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə (ötən il təbii artım 812 nəfər olub) 58,6 % azdır. Hesabat dövründə Kvemo Kartli bölgəsinin digər əsas demoqrafik göstəricilərinə gəlincə, yanvar-iyun aylarında yeni doğulanların sayı 2 681 nəfər, ölənlərin sayı 2 345 nəfər, nikah və boşanmaların sayı isə müvafiq olaraq 1 213 və 510 fakt təşkil edib.

Prezident: “Qəzalı məktəblərlə bağlı problem 2-3 il ərzində həllini tapmalıdır”

15 Sentyabr 2017 15:52

“Son illər Bakıda, Azərbaycanda məktəblərin əksəriyyəti təmir olunub. Yeni məktəblər, korpuslar tikilib”. Bunu bu gün prezident İlham ƏliyevArif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin yeni binasının məktəbin müəllim və şagird kollektivi ilə görüşdə söyləyib.   Dövlət başçısı deyib ki, Bakıda 300-dən çox məktəb var: “Son məlumata görə, 20-ə qədər məktəbin təmirə ehtiyacı var. Əminəm ki, gələn il, əgər çatdıra bilməsək, 2019-cu ildə Bakının bütün məktəbləri ən yüksək standartlara cavab verəcək. Bu il Bakıda 10 məktəb əsaslı təmir olunub, tikilib.

Şəhərdaxili marşrutlarda gediş haqqı ilə bağlı yenilik

15 Sentyabr 2017 15:50

“Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişikliklər edilir. Milli Məclisdən  verilən məlumatına görə, qanunun 1-ci maddəsinə (əsas anlayışlar) yeni bənd əlavə olunur. Yeni bəndə əsasən, ödəniş aləti - şəhərdaxili (rayondaxili) müntəzəm marşrutlar üzrə sərnişin daşıyan avtobuslarda gediş haqqının elektron qaydada ödənilməsi üçün nəzərdə tutulmuş vasitə hesab ediləcək. Qanunun 28-ci maddəsində (Avtomobil nəqliyyatı ilə sərnişin daşınması müqaviləsi) edilən dəyişikliyə görə, gediş sənədlərinin (biletlərin) və ödəniş alətinin sərnişinlərə satışı, o cümlədən ödəniş alətinə vəsaitin yüklənməsi imkanı daşıyıcı və ya avtomobil nəqliyyatı ilə daşımaların təşkilatçısı tərəfindən təşkil edilə bilər.

Tramp: "Terrordan qorunmaq üçün internet kəsilməlidir"

15 Sentyabr 2017 15:46

“Gələcəkdə baş verə biləcək terror hadisələrindən qorunmaq üçün internet kəsilməlidir”. Bunu ABŞ dövlət başçısı Donald Tramp şəxsi "Twitter" səhifəsində yazıb. D.Tramp internetin terrorçuların əlində əsas alət olduğunu qeyd edib. O bildirib ki, internet terrorçuların əsas məlumat bazası olduğuna görə, internet ya kəsilməli, ya da ondan daha səmərəli istifadə edilməlidir. Bu gün London metrosunda törədilən partlayışa da münasibət bildirən dövlət başçısı bildirib ki, terrorçular xəstə adamlardır.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbərinin oğlu HƏBS EDİLDİ

15 Sentyabr 2017 15:41

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun oğlu həbs edilib. Bu barədə  Səbail Rayon Məhkəməsindən bildirilib.     Məlumata görə, sentyabrın 7-də paytaxtın Səbail rayonunda iki nəfərin ölümü, üç nəfərin yaralanması ilə nəticələnən yol qəzası ilə bağlı başlanmış cinayət işi üzrə "Subaru" markalı avtomobilin sürücüsü Arif Rəhimov təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.