Bir gün gələrsən...

Allahverdi Eminov

Cəfər Cəfərliyə

Bir gün gələrsən...

Esse

Mən bu yaşıma çatmağımı arzulamışdım, sən demə əbəsmiş. "Vaxtsız ölümə" qovuşmaq nə qədər lazımmış. Təsəvvür eləməzdim bu yaşımda belə tənha olmazdım, ümidlərim qırılarmış! Kimləri itirəcəkmişəm: Zaman Əsgərlini, Müslət Nəcəfovu, Dürhəsən İmanovu, Rüzbeh Rüstəmovu, Mübariz Səfərovu... fiziki və mənəvi ölümlərini heç vaxt düşünməzdim. Onlarla dostluğumuzun sirdaşlığımızın yaşı 59 idi. Taleyimiz bir ilə 60-a tab gətirmədi. Onlardan bəziləri ulu torpağa qovuşdular, torpağa pənah gətirdilər... Bu yaşımda yeganə təsəllim telefonda kövrələn, çırpınan səsim olubdur. Səsimə səs veriləndə sevincimdən uşaqlaşmışam: "İlahi, bu doğma səsləri mənə yad eləmə, qoy barmaqlarım doğma nömrələri həmişə yığsın", - demişəm. Onlar: "Ustad, səsini eşidək" ruhlanaq. 1964-cü ilin sentyabrını xatırlayaq. İlk dərsinizdə girib bizi salamladığın anları yenidən yaşayaq, fikrimizdən, ürəyimizdən keçəni pıcıldayaq. İlahi, müəllimimizin səsini beləcə eşidək, müəllimimiz qocalmasın. Onun görüşünə gedək, barmaqlarını sıxaq, ürəyinin döyüntüsünü eşidək. - Bu təsəlli üçün deyildi, qəlbdən gələn nida idi!

Tarixlər dolandı, hadisələr cavanlaşdı, ölümlər tələsdi, yetirmələrimi vaxtsız apardı. Zaman, Müslət, Cəfər, Dürhəsən, Ruzbeh daha da mənimçün doğmalaşdılar, onlar yaşa dolmadılar, elə şagird olaraq qaldılar. Bunlar mənim təsəllimdir, güvənc yerimdi. Elə bilirdim daima belə olacaq həyatım, onlar məni axtaracaqlar: "Ustad, bizi gözlə, görüşünə gəlirik, sənin əllərini sıxmaq istəyirik, saclarına sığal çəkmək istəyirik. Axı, bir vaxtlar o saçların qapqara idi, darağa möhtac deyildi. Bəli, bu, bir vaxt idi, sizlərin yeniyetməlik vaxtı idi". O saçlarımı, o səsimi, o yerişimi itirmişəm, hey axtarıram - tapa bilmirəm. Kövrəlməyə dəyərmi?

Mən tənhalaşmağımın kədərini bu dərəcədə duymamışdım, bu dərəcədə qəribsəməmişdim. Darıxan dəqiqələrimdə yeganə təsəllim unuda bilmədiyim Cəfərdi. İsti qələm sahibi, kövrək ürək sahibi, daima zəng atdığım, 59 il axtarıb - aradığım Cəfərdi. Mən İstanbulda xəstə ikən hər gün mənə zəng çalan şair təbiətli Cəfərdi. Təsəlli verirdi müəlliminə, tez sağalmağımı arzulayırdı. Başqa nə təsəllisi ola bilərdi? Bu, mənə kifayət idi. Bir də tələbəm şair Elşad Cəfərliydi. O, mənsizləşib şeir də yazmışdı, göndərdi İstanbula. Oxudum, göz yaşımı saxlamağı bacarmadım, göz yaşlarım şeiri köçürdüyüm vərəqə gülə-gülə düşdü. Şeirin qüdrətinə sevindim. Təsəlli tapdım.

Yəqin ehtiyatsız söz işlətmişəm,

Günahıma görə küsmə, ay ustad!

Bircə sənə olub yolum birbaşa

Yada doğru kəsə kəsmə, ay ustad!

Niyyətindən əl etmə əl uzadana,

Onun ürəyindən silmə adını,

Olub ki, azdırıb nəsə adını,

Yazanın əlini kəsmə, ay ustad!

Az qalıb bu yumru binadan keçim,

Harasa Allahın adından gedim,

Atasız, qardaşsız dünyadan gedim,

Kimlərin çiynində bəs mən, ay ustad!

Mənim ümidim o halda üzülür - təsəlli tapdığım, ümid etdiyim adama atdığım zənglər cavabsız qalır. Demək, mən o şəxs üçün yoxam, olmayacağam. Demək, mən daha bu dünyadan qırılıram. Demək, mən daha tənhalaşmışam. - Bax, bu anlarımda ən ağır hisslərimi yaşayıram və ümidlərimin sonunu düşünürəm. Allahım məni belə xislətdə yaşadıbdır, hələ ki, yaşatmaqdadır. Ümidlərim ölməmişdir. Mənə zənglə çatdıranda Neftçala şəhərinə görüşə dəvətliyəm, sevindim. Deməli, hələ tənhalaşmamışam. Oxucularımın yaddaşındayam: "Gələndə yaxın dostlarını da, qələmdaşlarını da gətirməyi unutma. Həftənin birinci günü (tarixi konkretləşdirmək istəmədim) sizləri gözləyəcəyik.

İlk öncə, şagirdim, 59 ilin sirdaşı, şair - publisist Cəfər Cəfərlini xəbərdar etdim, yaxın dostları ilə görüşə gəlməsini arzuladım. Bir gün qalmış - istirahət günü Cəfərə hey zəng atdım. O, hey görüş gününün intizarında idi. Mütləq gələcəyini bildirirdi. Mən isə ümidimi üzməmişdim. Yetirməm, qələm həmkarım, təsəlli yerim telefona cavab vermirdi. Mobil telefon cavabsız susurdu...

Ümidsiz görüşdən qayıtdım. Pərişandım. Səhər onun gələ bilmədiyinin səbəbini eşidəcəkdim. Belə olmadı, daha on gün ötdü, yenə telefonum susdu. Hələ də susur. Deməli, təsəlli ilə yaşayan, doğma səsə alışan bir yetirməm də beləcə... Mən indi tənhalığımın ağırlığını duydum, amma nə edəcəyimin fərqinə varmıram: kimə zəng vurum, tənhalığımı bölüşüm? Təsəllimi tapım? İtirdiyimin ağrısını daşıyım? Mümkünsüzdür?

Yazı masamdanmı təsəlli alım? Vərəqlərin günahı nədir üzərinə göz yaşlarım süzülsün! Bu, mənimçün ölümə bərabər deyilmi? Gec-tez bu Dünyadan ayrılacağam, bu Dünya ilə vidalaşacağam. Məzarım qazılacaq, nitq də söyləyəcəklər, Əli, Zaman, Müslət olmayacaqlar, bəs kimlər göz yaşə tökəcək? Bilmirəm. Bəlkə də xəbər tutmayacaqlar. Bəlkə sən də, Cəfər, xəbərsiz olacaqsan. Çünki daha mənim telefonum susacaqdır, necə ki, hələ də susur, bu ünvanı unutduğu üçün! Amma sənə zəng atacaqlar vəsiyyətimə görə, ağır xəbəri çatdıracaqlar. Gələrsən bu dəfə, məzarım üstündə danışarsan - bircə xatirələrə toxunma, qoy necə var eləcə də qalsın!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31