İran rəsmisi BMT-də Qərbi ikili standartlarda ittiham etdi: “Müharibənin nəticələri bütün regionu əhatə edəcək” – ÖZƏL

Olaylar.az xəbər verir ki, İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi BMT-nin İnsan Hüquqları Şurasının 23 fevral-31 mart 2026-cı il tarixlərində Cenevrədə, Millətlər Sarayında keçirilən 61-ci sessiyasında çıxış edərək Qərb dövlətlərini insan hüquqları məsələsində ikili standartlar tətbiq etməkdə ittiham edib.

Qəribabadi bildirib ki, 1979-cu ildə İranda baş verən İslam İnqilabı məhz insan hüquqları naminə həyata keçirilib. O, Qərb ölkələrinin ötən ilin iyununda ABŞ və İsrailin İrana qarşı hücumlarını BMT Təhlükəsizlik Şurasında pisləməyə imkan vermədiyini deyib.

Onun sözlərinə görə, İrana qarşı 12 günlük müharibə zamanı ABŞ, Böyük Britaniya və Almaniya Təhlükəsizlik Şurası və İnsan Hüquqları Şurasının hücumları qınamasının qarşısını alıb. Qəribabadi iddia edib ki, həmin hücumlar nəticəsində 1060 iranlı həlak olub, 6 min nəfər isə yaralanıb.

İran rəsmisi həmçinin Qərb mediasının son iğtişaşlar zamanı ölənlərin sayı ilə bağlı açıqladığı rəqəmləri şübhə altına alıb və bu hadisələrin Qərb dövlətləri tərəfindən təşviq edildiyini irəli sürüb.

Nazir müavini vurğulayıb ki, xaricdən yönləndirildiyini iddia etdiyi iğtişaşlardan sonra və İslam İnqilabının ildönümündə keçirilən hökumətyönlü aksiyalar İran xalqının İslam quruluşunun yanında olduğunu göstərib.

Qəribabadi əlavə edib ki, "özlərini insan hüquqları müdafiəçisi kimi təqdim edən Qərb dövlətləri" Qəzzada baş verənlər fonunda yalnız "sionist rejimi" dəstəkləyib. O, Qəzzada 244 min nəfərin öldüyünü və yaralandığını iddia edib.

İran rəsmisi ABŞ-nin hərbi təhdidlərinə də toxunaraq bildirib ki, ölkəsi özünü qətiyyətlə müdafiə edəcək. Onun sözlərinə görə, düşmənlər İrana qarşı müharibəyə başlaya bilər, lakin onun necə və nə vaxt başa çatacağına İran qərar verəcək.

Qəribabadi xəbərdarlıq edib ki, mümkün müharibənin nəticələri yalnız münaqişə tərəfləri ilə məhdudlaşmayacaq, bütün regionu əhatə edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31