"Avropa sülhün deyil, müharibənin davam etməsində maraqlıdır" – Şakir Ağayev – ÖZƏL
16:36 Siyasət"Peskov Avropa İttifaqının danışıqlarda iştirak etməyəcəyini bildirib. Bunu daha əvvəl Rusiya Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Yuri Uşakov da qeyd etmişdi. Bunun səbəbi kimi isə bir neçə dəfə müxtəlif danışıqların Avropa İttifaqı və Avropa dövlətləri tərəfindən pozulmasını göstərmişdilər".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, burada bir həqiqət var. 2022-ci ildə İstanbul sammitində müəyyən razılaşmalar əldə olunmuşdu və həmin razılaşmalara əsasən, müharibənin bir neçə aydan sonra başa çatması mümkün idi. Həmin vaxt Ukraynaya irəli sürülən şərtlər indiki şərtlərdən qat-qat yumşaq idi. Yəni Ukraynanın qırmızı xətləri ilə bağlı məsələlərdə heç bir ərazi itkisi nəzərdə tutulmurdu, bütün ərazilər Ukraynanın tərkibində qalırdı. Lakin Boris Consonun müdaxiləsi ilə Zelenski bu razılaşmadan geri çəkildi və danışıqlar pozuldu. Eyni zamanda, Avropa İttifaqına daxil olan dövlətlərin, xüsusilə Fransa, Almaniya və Böyük Britaniyanın da bu prosesdə iştirakı danışıqların baş tutmasına mane oldu. Daha sonra, xatırlayırsınızsa, keçən ilin əvvəlində Ağ Evdə Zelenski ilə Tramp arasında kəskin mübahisə yaşandı. Bundan sonra ilk dəfə ABŞ-nin bu məsələ üzrə nümayəndəsi Uitkoff da Moskvaya səfər etdi. Avropa İttifaqının mövqeyini müdafiə edən və Avropa liderlərinin əksəriyyətinin dəstəklədiyi yanaşma fonunda Fransa Prezidenti Makron və digər Avropa liderləri Trampı öz mövqelərinə yaxınlaşdırmağa çalışırdılar. Lakin həmin danışıqlar da Avropa İttifaqının müdaxiləsi nəticəsində pozuldu. Bu gün də Avropa İttifaqı müharibənin davam etməsində maraqlı olduğunu nümayiş etdirir, eskalasiyanın qarşısını almaq əvəzinə Ukraynaya hərbi və maliyyə yardımı göstərir. Çünki Avropa İttifaqı qarşısına məqsəd qoyub ki, Rusiya strateji məğlubiyyətə uğramalı, tamamilə zəiflədilməlidir. Bu prosesdə qurban Ukraynadır. Yəni Avropa İttifaqı Ukraynadan istifadə etməklə özünün ən böyük rəqiblərindən biri olan Rusiyanı strateji məğlubiyyətə uğratmağa çalışır. Avropa liderlərindən heç biri - nə Makron, nə Merz, nə də Böyük Britaniyanın hazırkı baş naziri bu yanaşmanı açıq şəkildə inkar edir. Məhz buna görə də Rusiya Avropa İttifaqının iştirak etdiyi danışıqlara razılıq vermir. İlk növbədə, onu qeyd etmək lazımdır ki, hələlik sülhdən söhbət getmir. Danışıqların keçirilməsi və ya üçtərəfli görüşün baş tutması özlüyündə sülh demək deyil. Keçən il də bir neçə dəfə belə görüşlər keçirilib, lakin sonradan Avropa İttifaqının müdaxiləsi nəticəsində bu görüşlərin davamı gəlməyib. Danışıqlar başlamazdan əvvəl və danışıqlar prosesi zamanı Zelenskinin Avropaya getdiyini, Avropa liderlərindən təlimatlar aldığını görürük. O, həmin təlimatlara uyğun olaraq danışıqları ya davam etdirir, ya da dayandırır. ABŞ də qarşısına məqsəd qoyub ki, Avropanı bu danışıqlardan kənarda saxlasın. Ümumiyyətlə, Trampın əsas məqsədlərindən biri Avropa İttifaqının təsir imkanlarını zəiflətmək və ABŞ-nin Avropadakı təsir dairəsini genişləndirməkdir. Vaşinqton Avropanın zəifləməsi hesabına öz mövqelərini gücləndirməyə çalışır.
Ekspertin sözlərinə görə, hazırkı mərhələdə sülhdən söhbət getmir. Hələlik texniki danışıqlar aparılır. Sülhün əldə olunması üçün Rusiya tərəfinin irəli sürdüyü şərtlər yerinə yetirilməlidir. Ukraynanın isə həmin şərtləri qəbul etmək niyyəti yoxdur. Rusiyanın əsas tələbləri Donbas ərazisindən Ukrayna qoşunlarının tamamilə çıxarılması, həmin ərazilərin Rusiyanın ərazisi kimi tanınması, rus dilinin orada bərpa olunması və Pravoslav Kilsəsinin öz strukturunu yenidən qurması ilə bağlıdır. Bundan başqa, Ukraynanın NATO-ya üzv olmaması və ölkənin silahlı qüvvələrinin sayının azaldılması da Rusiyanın irəli sürdüyü şərtlər sırasındadır. Təbii ki, bunlar uzun və mürəkkəb proseslərdir. Ona görə də hazırkı mərhələdə sülhdən danışmaq mümkün deyil. Yalnız müəyyən texniki məsələlər üzrə razılığa gəlmək mümkündür. Lakin bu razılaşmaların əldə olunması prosesinə də Avropa mane olur. Məhz buna görə Rusiya tərəfi Avropa İttifaqının danışıqlarda iştirakını istisna edir. Eyni zamanda, Rusiya Avropanın mövqeyini yaxşı bilir. Avropa tərəfi açıq şəkildə Ukraynanı dəstəkləyir, Ukraynanın irəli sürdüyü tələblərin həyata keçirilməsini müdafiə edir, Rusiyanın mövqeyi və maraqları isə nəzərə alınmır. Belə olan halda, təbii ki, normal danışıqların aparılması mümkün deyil. Ona görə də Rusiyanın avropalıların danışıqlarda iştirakını istəməməsi başadüşüləndir. Ümumiyyətlə, Avropada baş verən son hadisələr, mitinqlər, tətillər, sosial vəziyyət və enerji ilə bağlı problemlər artıq sübut edir ki, Avropa danışıqlar masasından kənarda qalır. Yeni siyasi dünya nizamının formalaşması prosesində Avropa sanki masanın ətrafında deyil, masanın üzərindədir.
Səidə Ramazanova