ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi dekabrın 14-15-də Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib.

Donald Trampın İlham Əliyevi G20 sammitinə dəvət etməsi Azərbaycan-ABŞ münasibətlərinin gələcək inkişafı baxımından hansı mesajları verir? Azərbaycanın G20 sammitində iştirakı ölkəmizin beynəlxalq mövqeyinə və Cənubi Qafqazdakı geosiyasi roluna necə təsir göstərə bilər?
Mövzu ilə bağlı beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı Olaylar.az-a açıqlama verib:

"Trampın Azərbaycan Prezidentini G20 kimi mötəbər bir tədbirə səmimiyyətlə dəvət etməsi, əlbəttə ki, həm təqdirəlayiqdir, həm də Azərbaycan-ABŞ münasibətlərinin gələcəyi baxımından xüsusi əhəmiyyətə malikdir. Bu dəvət o qədər ciddi məna ifadə edir ki, hətta bundan sonra, deyərdim ki, Trampın xarici siyasət xəttinə zidd mövqedə olan birisi hakimiyyətə gəlsə belə, artıq bu, onun müəyyən bir fakt qarşısında qalmasına səbəb olacaq. Yəni, Azərbaycan reallığı var. Bu, Cənubi Qafqazın siyasi mənzərəsini dəyişən, regiona sülh gətirən və həmin sülhü möhkəmləndirməklə məşğul olan, eyni zamanda, yeni iqtisadi münasibətlər sistemi quran reallıqdır. Bu sistemdə iştirak edəcək bütün tərəflərə yeni iqtisadi imkanlar yaradılır. Ona görə də Trampın bu dəvəti ABŞ xarici siyasətində Azərbaycanın regional faktor kimi qəbul edildiyinin göstəricisidir və gələcəkdə də Azərbaycan-ABŞ münasibətlərinin hazırkı xətt üzrə davam edəcəyinin bir simvoludur. O ki qaldı G20 sammitində iştirakımızın ölkəmizin beynəlxalq mövqeyinə və Cənubi Qafqazdakı geosiyasi vəziyyətə necə təsir göstərəcəyinə, hər halda, G20-də təmsil olunan ölkələr sıradan dövlətlər deyil. Bunlar dünyanın ən böyük ölkələridir.
Oraya dəvət alan ölkələr də G20-nin üzvü olmayan dövlətlərdir. Lakin dəvət alan ölkələr də dünyanın siyasi-iqtisadi həyatında rola və əhəmiyyətə malik dövlətlərdir. Yəni, Azərbaycanın oraya dəvət olunması onu göstərir ki, ölkəmiz ən azı Cənubi Qafqaz coğrafiyasında, regional kommunikasiyaların, ümumilikdə, regional iqtisadi əlaqələrin qurulmasında mühüm faktor kimi qəbul edilir.
Bu da ölkəmizin G20-yə üzv dövlətlərlə və həmin dövlətlərə yaxın tərəfdaş ölkələrlə əlaqələrinin daha da yaxşılaşması və inkişaf etməsi üçün yeni fürsətlərin qapısını açır".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31