HALLOWEEN VƏ MİLLİ KİMLİK - GƏLƏCƏK NƏSLİN ŞÜURUNA HANSI DƏYƏRLƏR YERİDİLİR? – Cavid İSMAYIL yazır

Cavid Əjdəroğlu İsmayıl
Psixoloji təsirlər, mədəni ekspansiya və milli-mənəvi dəyərlərin qorunması
Əfəndilər! Son illərdə dünyanın müxtəlif ölkələrində geniş yayılan Halloween bayramının Azərbaycanda da müəyyən şəxslər tərəfindən təbliğ olunması diqqət çəkir. Xüsusilə uşaqların və yeniyetmələrin bu mərasimə cəlb edilməsi, qorxulu obrazların, cadıların, vampirlərin, skeletlərin və ölüm simvollarının əyləncə vasitəsinə çevrilməsi bir sıra suallar doğurur.
Əlbəttə, bu məsələyə yalnız bir "bayramın" qeyd edilməsi kimi yanaşmaq düzgün olmazdı. Burada daha geniş və ciddi bir problem - qloballaşma şəraitində milli kimliyin, tarixi yaddaşın, mənəvi dəyərlərin və gələcək nəslin dünyagörüşünün qorunması məsələsi dayanır.
Biz özümüzə sual verməliyik. Uşaqlarımız hansı mədəni mühitdə böyüyür? Onların yaddaşında hansı qəhrəmanlar, hansı tarixi şəxsiyyətlər, hansı milli simvollar və bizə yad olan hansı mənəvi dəyərlər formalaşır?
Halloween-in tarixi qədim keltlərin Samhain mərasimi ilə əlaqələndirilir. Sonralar xristian ənənəsində Bütün Müqəddəslər Gününün ərəfəsi ilə əlaqəli şəkildə formalaşaraq müasir görünüşünü alıb. Bu gün isə əsasən kostyumlar, qorxulu obrazlar, balqabaq simvolları və müxtəlif əyləncə tədbirləri ilə tanınır.
Burada diqqət yetirilməli məqam "bayram"ın tarixi mənşəyindən daha çox onun müasir təqdimatının uşaqların psixologiyasına, şüuraltına və gələcək nəslin dünyagörüşünə təsiridir.
Uşağın dünyagörüşü bir gündə formalaşmır. Ailə, məktəb, televiziya, kino, sosial şəbəkələr, kompüter oyunları, dost çevrəsi və ətraf mühit onun düşüncə tərzinə təsir göstərir.
Təkrarlanan obrazlar, simvollar və davranış nümunələri uşağın dünyanı qavramasında müəyyən rol oynayır. Bu baxımdan uşaqlara təqdim olunan məzmunun mahiyyəti, yaş xüsusiyyətlərinə uyğunluğu və psixoloji təsirləri diqqətlə qiymətləndirilməlidir.
Gəlin məsələyə milli kimlik və mədəni yaddaş kontekstindən baxaq. Məncə, mövzunun ən ciddi tərəfi məhz buradadır.
Bir xalqın gələcəyini yalnız iqtisadi gücü, ordusu və siyasi mövqeyi müəyyən etmir. Onun tarixi yaddaşı, dili, mədəniyyəti, milli özünüdərki və gələcək nəslə ötürdüyü mənəvi dəyərlər də dövlətin və cəmiyyətin davamlılığının əsas dayaqlarıdır.
Bəs bizə, cəmiyyətimizə, milli kimliyimizə, mədəni irsimizə və mənəvi dəyərlərimizə yad olan belə "bayramlar" hansı xalqların milli yaddaşını və mədəni ənənələrini bizim gələcək nəsillərimizə ötürür?
Həmin gənclərimiz Dədə Qorqudu nə qədər tanıyırlar? Koroğlunun qəhrəmanlığından, Tomrisin tarixindən, Oğuz ənənələrindən, Novruzun mahiyyətindən nə qədər xəbərdardırlar? Azərbaycan türklərinin minilliklər ərzində yaratdığı mədəni irsin hansı nümunələrini mənimsəyirlər?
Əgər uşaqlarımız xarici mədəniyyətlərin simvollarını öz milli simvollarımızdan daha yaxşı tanıyırlarsa, burada cəmiyyət olaraq düşünməli olduğumuz ciddi məsələ var.
Xarici mədəniyyətləri öyrənmək, başqa xalqların adət-ənənələri ilə tanış olmaq özlüyündə təhlükə deyil. Təhlükə öz mədəniyyətini tanımadan, öz tarixi yaddaşına sahib çıxmadan yad təsirlərin passiv istehlakçısına çevrilməkdir.
Mədəni təsirlər və məqsədli yönləndirmə ehtimalı
Müasir dünyada mədəniyyət yalnız incəsənət və ənənələr vasitəsilə yayılmır. Kino sənayesi, sosial media, rəqəmsal platformalar, reklam bazarı, əyləncə industriyası və müxtəlif informasiya kanalları da cəmiyyətlərin düşüncə və davranışlarına təsir göstərir.
Bəzən bu proses kommersiya maraqlarından qaynaqlanır, bəzən isə müəyyən ideoloji və siyasi məqsədlərlə müşayiət olunduğu da sirr deyil. Elə təhlükə də buradadır.
Bizim vəzifəmiz hər şeydən əvvəl milli yaddaşımızı qorumaq, uşaqlarımıza kim olduqlarını, hansı tarixi köklərə sahib olduqlarını və hansı mədəniyyətin daşıyıcısı olduqlarını öyrətməkdir.
Bizim milli dəyərlərimiz gələcək nəslin mənəvi dayağı olmalıdır
Azərbaycan xalqının zəngin milli-mənəvi irsi var. Novruz bayramı, Dədə Qorqud ənənəsi, aşıq sənəti, xalq dastanları, milli musiqimiz, ailə dəyərlərimiz, böyüyə hörmət, kiçiyə qayğı və vətənə bağlılıq bu irsin ayrılmaz hissəsidir.
Bunlar yalnız keçmişimizin yadigarı deyil. Bunlar gələcəyimizi qurmaq üçün əsaslı mənəvi dayaqlarımızdır.
Uşaqlarımıza milli dəyərləri yalnız sözlə təbliğ etməklə kifayətlənməməliyik. Onları yaşatmalı, ailədə, məktəbdə, ictimai mühitdə və informasiya məkanında bu dəyərlərin gündəlik həyatın bir hissəsinə çevrilməsinə çalışmalıyıq.
Biz uşaqlarımıza Novruzun mahiyyətini, Dədə Qorqudun müdrikliyini, Koroğlunun qəhrəmanlığını, Gürşadın ərənliyini, türk xalqlarının ortaq tarixini və Azərbaycan mədəniyyətinin zənginliyini öyrətməliyik.
Əfəndilər! Unutmayaq ki, milli kimlik bir gündə itirilmir. O, bəzən dilə, tarixə, ənənələrə və mənəvi dəyərlərə biganəlik nəticəsində tədricən zəifləyir. Eyni zamanda, milli kimlik bir gündə də qorunmur. Bunun üçün ailə, məktəb, ziyalılar, dövlət və bütövlükdə cəmiyyət məsuliyyət daşıyır.
Biz gələcək nəslə yalnız müasir texnologiyalardan istifadə etməyi, xarici dilləri öyrənməyi və dünyaya inteqrasiya etməyi deyil, həm də öz köklərini tanımağı, tarixini bilməyi və milli kimliyə sahib çıxmağı öyrətməliyik.
Öz köklərini tanımayan nəsil başqalarının müəyyən etdiyi istiqamətlərə yönələ bilər. Öz tarixini bilməyən nəsil isə gələcəyini qurarkən keçmişinin təcrübəsindən məhrum qalar.
Əfəndilər! Unutmayaq, xalqımızın gələcəyini qorumaq istəyiriksə, ilk növbədə uşaqlarımızın yaddaşını, dilini, tarixini və milli-mənəvi dəyərlərini qorumalıyıq.
Bizim gələcəyimiz milli yaddaşımızdan başlayır!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31