Aİ Səfiri: "Gürcüstan Kulevi limanı ilə bağlı detallı məlumat təqdim edib" ÖZƏL

Olaylar.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) Gürcüstandakı səfiri Pavel Qerçinski, Kulevi limanı ətrafındakı vəziyyəti şərh edərək, rəsmi Tbilisinin narahatlıq doğuran infrastruktur layihələri barədə ittifaqa ətraflı izahat verdiyini bildirib.

Səfirin sözlərinə görə, Gürcüstan tərəfi sözügedən infrastrukturun sanksiyalardan yan keçmək üçün istifadə edilməyəcəyinə dair zəmanət verib: "Biz Gürcüstan hakimiyyətindən bizi narahat edən infrastrukturla bağlı çox detallı məlumatlar almışıq. Bizi əmin etdilər ki, bu infrastruktur sanksiyalardan yayınmaq üçün istifadə olunmayacaq", - deyə Qerçinski qeyd edib.

Diplomata görə, hazırda təqdim olunan izahatların həmin limana qarşı sanksiyaların tətbiq edilməməsi üçün kifayət edib-etməyəcəyini söyləmək hələ tezdir.

Səfir Aİ daxilində yeni məhdudiyyətlər paketi üzərində müzakirələrin davam etdiyini vurğulayıb: "Təsdiq edə bilərəm ki, 20-ci sanksiyalar paketi üzrə müzakirələr davam edir. Hazırda bu məsələdə yekdillik əldə olunmayıb. Təqdim olunan arqumentlərin üzv dövlətlər üçün yetərli olub-olmayacağını zaman göstərəcək. Ümid edirəm ki, üzv ölkələr tezliklə razılığa gələcəklər."

Pavel Qerçinski əlavə edib ki, Avropa İttifaqı Gürcüstanın beynəlxalq sanksiya rejiminə uyğunluğunu çox diqqətlə izləməyə davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31